Aprelin 23-ü Türkiyədə dövlət bayramı – türk xalqının milli müstəqilliyinin və Cümhuriyyətə doğru yolunun başlandığı tarixi günün 105-ci ildönümüdür.
23 aprel 1920-ci ildə türk xalqının işğalçı, imperialist güclərə qarşı Qurtuluş savaşının öndəri Mustafa Kamal paşanın başçılığı altında Ankarada Türkiyə Böyük Millət Məclisinin (TBMM) ilk toplantısı keçirilib.
Bu hadisə Türkiyənin xilası və millətin qurtuluşu yolunda tarixi dönüş nöqtəsi oldu. TBMM-nin yaradılması ilə Qurtuluş savaşı da qalibiyyətlərlə dolu mərhələyə qədəm qoydu...
O zamanın Türkiyəsi – Osmanlı dövləti 1914-cü ildə Birinci Dünya müharibəsinə, əslində, məcburən (müttəfiqi Almaniyanın təhriki ilə) və zəif şəkildə girmiş və 1918-ci ildə bu savaşdan tam taqətsiz, dövlət olaraq faktiki süqut etmiş halda çıxmışdı. Osmanlının 30 oktyabr 1918-ci ildə savaşın qalib tərəfi – Antanta İttifaqı ilə imzalamağa məcbur olduğu Mudros sülh müqaviləsi bunun göstəricisi idi.
Hələ bu azmış kimi, bir müddət sonra müttəfiq güclər (ABŞ, Britaniya, Fransa, İtaliya və s.) Osmanlı hökumətini Sevr anlaşmasına (10 avqust 1920-ci il) da zorlayacaqdı və bu, sadəcə, bir imperatorluğun (Osmanlı) sonu deyil, ümumilikdə türk millətinin dövlətçiliyini onun əlindən almaq demək idi...
Bu fəci gedişatı öncədən görən Mustafa Kamal isə İstanbuldakı hakimiyyətlə yollarını artıq ayırmışdı. Halbuki tarixdə sonuncu Osmanlı hökmdarı kimi qalan Sultan Vəhidəddin (VI Mehmed) Mustafa Kamala hərbi nazir və baş komandanlıq postunu təklif etmişdi. Lakin o, faktiki olaraq iqtidarsız bir hökumətdə təmsil olunmaq istəməyib imtina etdi.
1919-cu ilin yazı... İndiki Türkiyənin böyük hissəsi işğal edilmiş, o cümlədən yunan qoşunları ölkənin cənub-qərbini ələ keçirmişdi. İstanbuldakı Osmanlı hakimiyyətinin nə dövləti xilas etmək, nə də işğalın qarşısını almaq gücü vardı.
Mustafa Kamal yeni Türkiyə, xalqa arxalanan dövlət barədə düşünürdü.
1919-cu il mayın 16-da o, bir qrup silahdaşı ilə “Bandırma” adlı gəmidə İstanbulu tərk edərək Samsuna gəldi və mayın 19-da burada türk xalqının Qurtuluş savaşına başladığını bəyan etdi.
İstanbul hökuməti ona mane olmağa çalışsa da, o, 1919-cu ilin iyulunda Ərzurumdan ordudakı vəzifələrindən istefa verdiyini İstanbula bildirdi. Dekabrın 27-də qoşunları ilə Ankaraya gələn Mustafa Kamal bu şəhəri Türkiyə dövlətçiliyi uğrunda mübarizənin mərkəzi elan etdi.
Yeni Türkiyənin quruluşu Ankaradan başladı. Mustafa Kamal 1920-ci il aprelin 23-də burada Türkiyə Böyük Millət Məclisinin çağırılmasına nail oldu. Məmləkətin idarəçiliyi xalqın iradəsinə, onu təmsil edən Millət Məclisinə verildi.
Ölkədə faktiki ikihakimiyyətlilik – bir tərəfdə iflas etmiş imperatorluq hakimiyyəti, digər tərəfdə isə xalqın iradəsini ifadə edən Millət Məclisi və vətənin xilası üçün Mustafa Kamalın komandanlığı altında təşəkkül tapan ordu vardı.
Türkiyə Böyük Millət Məclisi Osmanlı hökumətinin imzaladığı Sevr anlaşmasını tanımadı və millətin öz istiqbalı və İstiqlalı uğrunda mücadiləsindən dönməyəcəyini bəyan etdi. 1920-ci ilin son ayları və 1921-ci ilin ilk yarısı də Qurtuluş savaşının lokal hərbi əməliyyatları ilə yadda qaldı.
1921-ci il avqustun 22-dən sentyabrın 13-dək davam edən Sakarya savaşı yeni Türk ordusunun nəyə qadir olduğunu nümayiş etdirdi. Sakarya qalibiyyətindən sonra TBMM Mustafa Kamala “Qazi” adını verdi.
Qurtuluş savaşının zirvə nöqtəsi olan 1922-ci ilin avqustundakı “Böyük Taarruz” (“Böyük Hücum”) və 30 avqust Zəfəri isə Türkiyənin tarixində şanlı səhifə açdı.
Türk xalqı yenilməzliyini dünyaya sübut etmiş, gələcək Cümhuriyyətin təməli qoyulmuşdu.
Bir il sonra, 1923-cü il oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin yarandığı elan edildi.
"Suverenlik qeyd-şərtsiz millətindir" (“Egemenlik, kayıtsız şartsız milletindir") – Mustafa Kamalın bu sözləri yeni Türkiyənin quruluşunun məhək daşı oldu.
Artıq onun tarixə Atatürk kimi düşməyə haqqı vardı. TBMM-nin qərarı (1934) ilə Mustafa Kamala rəsmən Atatürk soyadı verildi.
23 Aprel isə Atatürkün tövsiyəsi (1924) ilə Türkiyədə “Milli Suverenlik və Uşaq Bayramı” kimi ölkənin gələcəyinə və onun yeni nəsillərinə ərməğan edildi...
Vüqar Orxan