
Daşınmaz mədəni irs nümunələrinin qorunması və pasportlaşdırılmasını həyata keçirən bütün dövlət orqanları üçün ümumi, vahid qaydalar və pasport forması təsdiqlənir.
Bu məsələ Milli Məclisin aprelin 22-də keçirilən iclasında müzakirəyə çıxarılan “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.
Qanun layihəsinə əsasən, dövlət mühafizəsinə götürülən abidələrlə bağlı zəruri işlərdən biri də onların sənədləşdirilməsi və yaxud pasportlaşdırılmasıdır. Sözügedən abidələrin sənədləşdirilməsi ilə bağlı milli pasport formasının yaradılmasının zəruriliyi nəzərə alınaraq, 2012-2013-cü illərdə nümunəvi milli pasport forması hazırlanıb.
Abidələrin pasportlaşdırılmasını Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazisində Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi həyata keçirir. Həmçinin “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi”nə əsasən, qoruq idarəsi abidələrin pasportlaşdırılması işlərini həyata keçirməlidir.
İndiyədək dövlət mühafizəsinə götürülən abidələrlə bağlı elmi və faktiki məlumatları özündə əks etdirən sənədin – pasportun vahid formada və qaydada deyil, hər bir qurum tərəfindən fərdi qaydalarda hazırlanması sözügedən qanuna müvafiq dəyişikliyin edilməsinə zərurət yaradıb.
Daşınmaz mədəni irs nümunələrinin qorunmasını və pasportlaşdırılmasını həyata keçirən bütün dövlət orqanları üçün ümumi, vahid qaydaların və bir pasport formasının təsdiq edilməsi vacibdir. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunda nəzərdə tutulan dəyişiklik dövlət siyahısına daxil edilən mədəni sərvətə vahid qaydalar əsasında pasportun verilməsi, abidə pasportunun nümunəvi formasının müəyyən olunması, eləcə də ölkə üzrə pasportlaşma ilə bağlı elektron məlumat bazasının yaradılması üçün hüquqi əsas yaradır.
Təklif olunan dəyişikliyə əsasən, daşınmaz abidələrin pasportlaşdırılması qaydaları və pasportun nümunəvi forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən ediləcək.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.