Azərbaycan Milli Xalça Muzeyində “İkinci həyat” adlı rəsm sərgisi keçirilir. Aprelin 17-də açılışı olan sərgi Milli Xalça Muzeyi və “Arts Council Azerbaijan”ın təşkilatçılığı, “European Crafts Alliance” və ICOM Azərbaycan Milli Komitəsinin dəstəyi ilə ərsəyə gəlib. Layihənin müəllifi Sona Quliyevadır.

Tədbirdə çıxış edən muzeyin direktoru Əminə Məlikova bildirib ki, sərgidə Azərbaycanın ayrı-ayrı regionlarına aid bədii, tarixi, elmi əhəmiyyət kəsb etməyən, zədələnmiş və ya istifadəyə yararsız xalçalar üzərində peşəkar rəssamların müxtəlif janrlarda çəkdiyi 30-dan artıq rəsm nümayiş olunur. Hüseyn Kəngərli, Məryam Kiblayeva, Nərgiz Quliyeva, Rəşadə Əliyeva, Eldar Babazadə, Banuçiçək Əhmədzadə, Röya Həsən, Samirə Muxtarova, Sevinc Gəncəliyeva, Leyla Ağazadə, Aydan Məmmədli, Təranə Əliyeva, Aynura Mustafayeva, Fəxriyyə Hacıyeva, Nigar Əliyeva, Vüsalə Şərifova, Nailə Məhərrəmova, Ruslan Rüstəmov, Eldar Hacıyev, Sevda Rüstəmova, Leyla Orucova, Nərgiz Quliyeva, Oksana Kazımova, Nailə Aslanova, Nərminə Uluxanova, Leyla Müseyibova, İntiqam Ağayev və Dadaş Məmmədovun müəllifi olduqları təsviri sənət nümunələrində 1980-2000-ci illərdə toxunmuş ənənəvi xalçalar rəssamların özünəməxsus yanaşma tərzi əsasında yeni bədii üslublarla sintez edilərək daha da zənginləşdirilib. Rəsmlərdə Qarabağ motivləri və ölkəmizin rəmzi sayılan nar elementləri müasir interpretasiyada təqdim edilib.

Layihə BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində məsuliyyətli istehlak və istehsal (SDG 12), iqlim dəyişikliyi ilə mübarizə (SDG 13) prinsiplərinə uyğun həyata keçirilir.

“Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov layihənin məqsədindən söhbət açıb. Qeyd edib ki, qarşıya qoyulan əsas hədəf yerli rəssamlarla yanaşı, beynəlxalq sənət ictimaiyyətini bu yaradıcılıq prosesinə cəlb etmək, xalqımızın xalça sənətini dünyada daha geniş tanıtmaqdır.

Tədbirin bədii hissəsində “Muğam” Televiziya müsabiqəsinin qalibi, xanəndə Nisbət Sədrayeva çıxış edib. Onu tarda Rüstəm Müslümov, kamançada Elnur Salahov, balabanda Rəfail Əsgərov, nağarada Səyyar Teymurov müşayiət ediblər.

Respublika Uşaq-Gənclər və İnkişaf Mərkəzinin “Qavaldaş” qrupu da musiqi nömrəsini təqdim edib.

Sərgi aprelin 27-dək davam edəcək.