Aprelin 15-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Sağlamlıq körpəlikdən başlayır” adlı layihə çərçivəsində növbəti maarifləndirici təlim keçirilib.
Oxu və yazı vərdişlərində çətinlikləri olan uşaqlara dəstək olmaq, onlarda özünəinamı artırmaq və sosial inkişafını təmin etmək məqsədi daşıyan təlimdə defektoloq-loqoped Jalə Bənnayeva və kitabxananın əməkdaşları, gənc analar iştirak ediblər.
“Oxu və yazı qüsurlarının aşkar edilməsi metodları” adlı təlimdə Jalə Bənnayeva oxuma və yazı vərdişlərində geriləmələr olan uşaqlarla bağlı psixoloji dəstəyin önəmi və düzgün müalicə üsullarının tətbiqi haqqında məlumat verib. Təlimçi valideynlərin və müəllimlərin uşaqlara qarşı daha anlayışlı və səbirli olmalarını, onların emosional vəziyyətini nəzərə alaraq doğru yanaşma sərgiləmələrinin əhəmiyyətini vurğulayıb. Təlimdə bu qrupa aid olan uşaqlar üçün individual yanaşmanın və müntəzəm məşqlərin zəruriliyi müzakirə edilib.
Təlimin sonunda iştirakçılara uşaqların inkişafına dəstək olmağın, onların emosional və sosial ehtiyaclarını qarşılamağın yolları barədə praktiki məsləhətlər verilib.