F.Köçərli adına Respublika Uşaq Kitabxanası və "Səssiz Ünsiyyət - Jest Dilinin İnkişafına Dəstək" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Bakı Kitab Mərkəzinin Uşaq guşəsində “Oxu saatı” keçirilib.

Aprelin 11-də gerçəkləşən tədbirdə tanınmış teleaparıcı Emin Şahzadə balaca oxucuların qonağı olub. 

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbi, 1 saylı Uşaq evi sosial xidmət müəssisəsi, 49, 62, 247 nömrəli tam orta məktəblərin şagirdləri və digər oxucular iştirak ediblər.

Emil Şahzadə uşaqlara Dünyazad Əssədinin “Sən hirslənəndə”, Ayşegül Dedenin “Biri, o biri, başqası, digəri”, Ramiz Rövşənin “Gəl dost olaq, qurbağa”, Fatimə Yusifovanın “Bu kitabı qıdıqla, sığalla, alqışla”, “Buku, qaranlıq və Toki”, Nurlana İşığın “Göyün yeddinci qatı”, Aybəniz İsmayılovanın “Xarıbülbülün nağılı”, Culiya Donaldson və Aksel Şefflerin “Qraffalo” adlı kitablarından hekayələr və nağıllar oxuyub. Daha sonra həmin kitablar haqqında müzakirələr aparılıb.

Kitablardakı mətnləri sağlamlıq imkanları məhdud uşaqlar üçün işarət dilinə “Səssiz Ünsiyyət - Jest Dilinin İnkişafına Dəstək” İB-nin sədri və təlimçisi Şamil Sabirzadə və Könül Quliyeva tərcümə edib. 

Tədbirin keçirilməsində əsas məqsəd uşaqların cəmiyyətə sosial inteqrasiyasını təmin etmək, onlarda özgüvən və sosial adaptasiya, ünsiyyət vərdişlərini formalaşdırmaq, həmçinin dil bacarıqlarının inkişafına dəstək olmaqdır.