Vasif və Ceyhun Allahverdiyev qardaşlarının yaradıcılıq gecəsindən təəssürat

Azərbaycan musiqi sənətində iki qardaşın – Vasif və Ceyhun Allahverdiyevlərin imzası zaman-zaman bir melodiyanın iki qanadı kimi səslənib. Onların hər birinin yaradıcılığı müstəqil və fərdi olsa da, bu yaradıcılıq yolları paralel uzanaraq bir-birini tamamlayıb, bir-birinə güc verib, bir milli ruhda qovuşub. İllərdir ki, bu iki sənətkarın adları təkcə fortepiano, tar və simfonik orkestr üçün yazılmış əsərlərlə deyil, həm də xalq ruhunu ifadə edən dərin təsvirli musiqi ilə yaddaşlara yazılır.

Uşaqlıqdan musiqiyə olan maraqları ailə mühitində formalaşan iki qardaşın istedadının üzə çıxarılmasında, ilk növbədə, dayıları tanınmış tarzən Tağı Tağıyevin rolu danılmazdır. Onun qayğısı və musiqiyə olan sevgisi Vasif və Ceyhun Allahverdiyevlərin peşəkar musiqi yoluna doğru atdıqları ilk addımlara zəmin olub.

***

Xalq artisti Vasif Allahverdiyevin yaradıcılığı milli köklər və müasir musiqi dilinin vəhdəti ilə seçilir. Onun “Qarabağ balladası”, “Azərbaycan torpağıyam”, “Muğamsayağı”, “Sənsizlik” elegiyası, “O yollar”, “Atatürk” simfoniyası, “Heydər Əliyev – ömür yolu” simfonik poeması, “Gənclik süitası” və digər əsərləri musiqidə bir xalqın taleyini danışır. Bəstəkarın bir xüsusiyyəti də odur ki, onun əsərlərinin əksəriyyəti tanınmış şəxsiyyətlərə, böyük sənətkarlara və xalqın unudulmaz dəyərlərinə ithaf olunub.

Vasif Allahverdiyevin musiqisi sözün əsl mənasında çoxşaxəlidir. O, simfonik əsərlərdən tutmuş kamera-instrumental musiqiyə, tar və piano üçün yazılmış pyeslərdən vokal nümunələrə qədər müxtəlif janrlarda özünü sınamış və orijinal nümunələr yaradıb. Bəstəkarın əsərlərində azadlıq, vətən, qəhrəmanlıq, sevgi, sədaqət və insan mənəviyyatı kimi mövzular əsas yer tutur.

Onun musiqisində diqqətçəkən əsas cəhətlərdən biri də əsərlərinin bir çoxunun tanınmış şəxsiyyətlərə və incəsənət xadimlərinə həsr olunmasıdır. Bu, təkcə bir sənətkarın hörmət və minnətdarlıq jesti deyil, həm də musiqi ilə ictimai xatirəni yaşatmaq niyyətidir. “Heydər Əliyev – ömür yolu” simfonik poemasında Ümummilli liderin həyatı musiqi vasitəsilə təsvir edilir. “Atatürk” simfoniyasında Türk dünyasının böyük liderinə bəstəkarın duyduğu heyranlıq ifadə olunur. Onun “Aşıqsayağı”, “Muğamsayağı” kimi əsərləri dahi Üzeyir Hacıbəyliyə, solo tar ifası üçün “Qarabağ balladası” İsmayıl Hacıbəyova, fortepiano üçün “Silsilə” Arif Məlikova ithaf edilmiş, milli musiqi ruhunu akademik formalarla birləşdirən nümunələrdir.

Vasif Allahverdiyev Azərbaycan musiqisini ölkə xaricində də uğurla təmsil edir. Türkiyə,  Fransa, Rusiya, Almaniya, İtaliya, ABŞ və digər ölkələrdə keçirilən festivallarda, konsertlərdə səslənən əsərləri ilə Azərbaycan musiqisinin zənginliyini dünya auditoriyasına tanıdıb.

Hazırda Azərbaycan Milli Konservatoriyasında professor kimi fəaliyyət göstərən Vasif müəllim gənc musiqiçilərin yetişməsinə töhfə verir.

***

Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, professor Ceyhun Allahverdiyev də musiqinin müxtəlif janrlarında uğurlu əsərlər ərsəyə gətirib. Simfoniyalar, konsertlər, simfonik poemalar, kantatalar, instrumental və kamera musiqisi sahəsində yazdığı əsərlərlə milli musiqi xəzinəsini zənginləşdirib. Onun “Əbədi sevgimsən” kantatası, “Səhifələr” simfonik poeması, fortepiano üçün konserti, “Tac-Mahal” baleti və s. əsərləri, həm ideya-məzmun, həm də kompozisiya baxımından diqqətəlayiq sənət nümunələridir.

Ceyhun müəllimin əsərlərində güclü təsviredici xarakter özünü açıq şəkildə göstərir. Bu xüsusiyyət bəstəkarın duyğularını və düşüncələrini musiqi dili ilə dinləyiciyə çatdırmaq bacarığından qaynaqlanır. “Dəniz və Səma”, “Misri”, “Skertso” və digər əsərlərində musiqi yalnız səs deyil, həm də obraz, əhval, mənəvi təəssüratdır. Bu əsərləri dinləyərkən dinləyici sanki bəstəkarın hiss və həyəcanları ilə birgə yol gedir. Hər bir melodiya, hər bir tembr dəyişməsi təsvirə yönəlmiş bədii niyyətin bir hissəsi kimi səslənir.

Əsərlərinin mayasında milli musiqi duyumu və klassik forma vəhdəti dayanır. O, Fikrət Əmirovun mövzuları əsasında yazdığı “Fantaziya” ilə, bir tərəfdən, musiqi irsimizə ehtiramını bildirib, digər tərəfdən isə, həmin irsi müasir ifadə vasitələri ilə inkişaf etdirib. “Oğuznamə” poemasında türk mifoloji mətnlərinin ruhuna sadiq qalaraq, xalq çalğı alətləri orkestrinin rəng imkanlarını ustalıqla səfərbər edib.

Ceyhun Allahverdiyev eyni zamanda tanınmış pianoçu kimi də musiqisevərlərin yaddaşında qalmışdır. Beynəlxalq müsabiqələr laureatı adını qazanan sənətkar Kipr, Türkiyə, Yaponiya, İran, Avstriya, Fransa, Ukrayna və digər ölkələrdə müəllif konsertləri ilə çıxış edib, Azərbaycan musiqisini beynəlxalq aləmdə layiqincə təmsil edib.

Pedaqoji fəaliyyəti də onun yaradıcılıq spektrində xüsusi yer tutur. 1999-cu ildən Bakı Musiqi Akademiyasının bəstəkarlıq kafedrasında çalışan Ceyhun Allahverdiyev gənc bəstəkarların yetişməsinə öz töhfəsini verib.

***

İllərdir ki, Vasif və Ceyhun Allahverdiyev qardaşlarının müəllif gecələri və yaradıcılıq konsertləri keçirilir. Belə tədbirlərdən biri bu yaxınlarda (15 may) Naxçıvanda gerçəkləşdi.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil edilən və Azərbaycan Respublikasının Əməkdar artisti, Naxçıvan Dövlət Filarmoniyasının bədii rəhbəri Elman Əliyevin rəhbərliyi ilə keçirilən musiqi axşamı bir daha göstərdi ki, hər iki bəstəkarın əsərləri bu torpağın ruhundan bəhrələnən, xalqın duyğularını özündə əks etdirən sənət örnəyidir.

Tədbiri giriş sözü ilə açmaq bu sətirlərin müəllifinə həvalə olunmuşdu. Tamaşaçılara hər iki bəstəkarın yaradıcılıq yolu, əsərlərinin özünəməxsus cəhətləri haqqında məlumat verildikdən sonra konsert proqramı başlandı.

Naxçıvan Dövlət Filarmoniyasının Xalq çalğı alətləri və kamera orkestri hər iki bəstəkarın əsərlərini ustalıqla ifa etdi. Vasif Allahverdiyevin “Azərbaycan torpağıyam”, “O yollar”, “Azərbaycanım”, “Qarabağ balladası”, “Sənsizlik” elegiyası, Ceyhun Allahverdiyevin “Milli marş”, “Zəfər himni”, “Necə unudum”, “Ana torpaq”, “Əbədi sevgi” və digər əsərləri böyük maraqla qarşılandı.

Gecədə çıxış edənlər sırasında tanınmış tarzən, Əməkdar artist Sahib Paşazadə, Ruhiyyə Hüseynova, Zülfüqar Mahmudov, İlkin Abdullayev və digər musiqiçilər vardı. Onların yüksək peşəkarlıqla ifa etdiyi kompozisiyalar salonda əsl sənət ovqatı yaratdı.

Ceyhun və Vasif Allahverdiyev qardaşlarının yaradıcılığı iki fərqli sənətkarın, amma bir milli düşüncənin və bir musiqi fəlsəfəsinin ifadəsidir. Onlar bunu təkcə musiqi əsərləri ilə deyil, illərdir davam edən yaradıcılıq tandemi də sübut edirlər. Haqqında bəhs etdiyimiz konsert də bunun təsdiqi oldu. Bugünkü Azərbaycan musiqisinin nəbzi məhz belə sənətkarların yaradıcılığı ilə döyünür.

 Günay Məmmədova

sənətşünaslıq üzrə fəlsəfə doktoru, Naxçıvan Dövlət Universitetinin dosenti