Türkiyənin tarixi irsini, görməli yerlərini, turizm potensialını daha geniş tanıtmaq və ölkənin bu sahədə marka dəyərinə töhfə vermək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil edilən Mədəniyyət Yolu Festivalı beşinci dəfə keçirilir.
Əsası 2021-ci ildə qoyulan meqalayihə bu il daha da genişlənərək ölkənin 20 şəhərində təşkil olunacaq. Dünyada ən uzunmüddətli festival sayılan Türkiyə Mədəniyyət Yolu Festivalı 2025-ci ildə apreldən noyabradək – səkkiz ay davam edəcək.
Ötən il olduğu kimi, bu il də festival Adanada başlayıb və hər şəhərdə 9 gün sürəcək.
5–13 aprel tarixlərini əhatə edən Adana Mədəniyyət Yolu Festivalının bütün yaş qruplarına uyğun konsertlər, tamaşalar, sərgilər, əyləncələr, sənət görüşləri, yerli mətbəx təqdimatları və s. olmaqla zəngin proqramı var.
Adana Muzey Kompleksində keçirilən açılış mərasiminə Adana valisi Yavuz Selim Köşger, Türkiyə Mədəniyyət Yolu Festivalının baş direktoru, Mədəniyyət və Turizm Nazirliyinin Yaşayan Miras və Mədəni Tədbirlər Müdiriyyətinin rəhbəri Selim Terzi, digər rəsmilər qatılıblar.
Vali Köşger Adananın festivallar və mədəni tədbirlər şəhəri olduğunu vurğulayaraq bu zənginliyi dolğun şəkildə nümayiş etdirəcəklərini deyib.
“Yaşayan mirasımızı, ənənələrimizi və mədəniyyətimizi xüsusilə uşaq və gənclərə tanıtmaq üçün bu festivalı bir fürsət olaraq görürük” deyən Selim Terzi isə 7-dən 70-dək hər kəsi cəlb edəcək geniş proqram hazırladıqlarını bildirib.
Qeyd edək ki, bu il 13-cüsü düzənlənən ənənəvi Adana Beynəlxalq Portağal Çiçəyi Karnavalı da Mədəniyyət Yolu Festivalına rəng qatıb.
Festival çərçivəsində şəhərdə "Bahar çiçəkləri və Adananın köhnə fotoşəkilləri”, “Pablo Pikasso: Yaradılış hər şeydir”, “Türkiyə miniatürləri” sərgiləri, adanalı məşhur sənətçi, bu ilin yanvarında vəfat edən Ferdi Tayfurun həyat yolundan bəhs edən ekspozisiya da təşkil edilib.
Xatırladaq ki, 2024-cü ildə 16 şəhərdə (Adana, Şanlıurfa, Bursa, Samsun, Trabzon, Van, Nevşehir, Ərzurum, Çanaqqala, Qaziantep, Ankara, Konya, İstanbul, Diyarbəkir, İzmir, Antalya) keçirilən Türkiyə Mədəniyyət Yolu Festivalının marşrutuna bu il daha dörd şəhər – Manisa, Malatya, Mardin və Kayseri daxil edilib.
Adanadan sonra festivalın növbəti dayanacağı Manisa (17–25 may) olacaq. Ardınca estafeti Şanlıurfa (24 may – 1 iyun) qəbul edəcək. Festivalın bütün şəhərlər üzrə proqramı ilə kulturyolufestivali.com saytında tanış olmaq olar.
Vüqar Orxan