Xəbər verdiyimiz kimi, 5-30 iyun tarixlərində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə “Keşikçidağda elmi arxeoloji qazıntılar və yay məktəbi – 5” adlı layihə həyata keçirilib.

Layihənin əsas məqsədi “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun zəngin mədəni-arxeoloji irsinin tədqiq və təbliğ edilməsidir.

Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Nəcəfovun rəhbərliyi ilə “Yovşanlıdərə” kurqanlarında həyata keçirilən qazıntılarda Son Tunc–Erkən Dəmir dövrünə aid maddi-mədəniyyət nümunələri əldə olunub.

İyulun 2-də Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Arxeologiya və Antropologiya İnstitutunun təşəbbüsü, Ağstafa Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu tərəfindən Qazax Müəllimlər Seminariyası – ADA Universitetinin Qazax Mərkəzində layihənin yekunları ilə bağlı “Ağstafa-Qazax bölgəsinin arxeoloji irsi yeni tədqiqatlar işığında” mövzulu elmi-praktiki seminar keçirilib.

“Keşikçidağ” qoruğundan verilən məlumata görə, seminarda Dövlət Xidmətinin məsul şəxsləri, Bakı Dövlət Universitetinin (BDU) Qazax Filialının müəllim heyəti, “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun işçiləri, eləcə də bölgədə elmi-tədqiqat və arxeoloji qazıntı işləri aparmış alimlər, abidə mühafizləri və tarix-diyarşünaslıq muzeylərinin əməkdaşları, tarix müəllimləri, gənclər iştirak ediblər.

Seminar layihənin nəticələrini elmi ictimaiyyətə təqdim etmək, aparılmış tədqiqatların arxeoloji əhəmiyyətini dəyərləndirmək, eyni zamanda gələcək tədqiqat istiqamətləri və əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparmaq məqsədilə təşkil olunub.

Əvvəlcə “Keşikçidağ” qoruğu tərəfindən qurulmuş sərgiyə baxış keçirilib. Sərgidə müxtəlif nəşrlər, arxeoloji qazıntılar zamanı tapılmış artefaktlar, bərpa olunmuş eksponatlar nümayiş olunub.

Seminarı “Keşikçidağ” qoruğunun direktoru Musa Mursaquliyev açıb. ADA Universitetinin Qazax Mərkəzinin əməkdaşı Yeganə Göyüşlü da giriş sözü söyləyərək iştirakçıları salamlayıb.

Sonra AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Nəcəfov, institutun əməkdaşlar – tarix üzrə fəlsəfə doktorları Yaqub Məmmədov, Ülviyyə Hacıyeva, “Avey” qoruğunun direktoru, pedaqogika üzrə fəlsəfə doktoru Səadət Əliyeva,  BDU-nun Qazax Filialının tədris və elmi işlər üzrə direktor müavini dosent Yusif Məmmədov çıxış ediblər.

Tədbir çərçivəsində "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğu tərəfindən Ağstafa rayon ümumtəhsil müəssisələrinin şagirdləri arasında keçirilmiş "Keşikçidağda tarixin izləri" adlı esse müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi də olub.

Seminar başa çatdıqdan sonra qonaqlar üçün “Keşikçidağda elmi arxeoloji qazıntılar və Yay məktəbi – 5” layihəsinin həyata keçirildiyi “Yovşanlıdərə” kurqanlarına tur təşkil olunub. Ekspedisiyanın rəhbəri arxeoloji qazıntıların aparıldığı ərazi və aşkarlanmış artefaktlar haqqında geniş məlumat verib.