6–16 iyul tarixlərində Parisdə, UNESCO-nun mənzil-qərargahında təşkilatın Dünya İrs Komitəsinin 47-ci sessiyası keçirilir.

Tədbirdə ölkəmizi Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin, eləcə də Mədəniyyət, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, UNESCO üzrə Milli Komissiyanın, Dövlət Turizm Agentliyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və ICOMOS üzrə Milli Komitənin nümayəndələrindən ibarər heyət təmsil edir. Sessiyada Azərbaycanın bəyanatı təqdim olunacaq.

Sessiyanın gündəliyinə Dünya İrs Komitəsinin 46-cı sessiyasının məruzəçilərinin hesabatlarının, 2024-2025-ci illər üçün Dünya İrs Fondunun icrasına dair hesabatın dinlənilməsi, 2026-2027-ci illər üçün Dünya İrs Fondu üçün büdcə təklifi və COM 13 məşvərətçi qurumun yaradılması və s. məsələlər daxildir. Dünya İrs Mərkəzinin fəaliyyəti və Dünya İrs Komitəsinin qərarlarının icrası haqqında hesabat, 2025-ci il Dünya İrs Gənc Peşəkarlar Forumunun mesajı, eləcə də məsləhətçi orqanların hesabatları da təqdim olunacaq.

Afrikada Dünya İrs Strategiyası, eləcə də İnkişaf etməkdə olan Kiçik Ada Dövlətlər (SIDS) üçün Dünya İrsi ilə bağlı fəaliyyətlərin həyata keçirilməsi, SIDS 2023-2029 Əməliyyat Strategiyası müzakirə olunacaq. 

Sessiyada UNESCO-nun Dünya İrs Siyahısına yeni abidələrin daxil edilməsi barədə ölkələrin müraciətlərinə də baxılacaq.