Parisdə, UNESCO-nun mənzil-qərargahında təşkilatın "Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında" 2005-ci il Konvensiyasına Tərəf Dövlətlərin Konfransının 10-cu sessiyası keçirilir.
Ölkəmizi tədbirdə Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi və mədəniyyət nazirinin müavini Səadət Yusifovanın rəhbərliyi ilə nazirliyin nümayəndə heyəti təmsil edir.
Səadət Yusifova konfransın açılış sessiyasında çıxış edib. Bu il “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında" Konvensiyanın 20-ci ildönümünün qeyd edildiyini vurğulayan nazir müavini bu sənədin mədəniyyət siyasətini gücləndirmək və mədəni özünüifadə formalarına bərabər çıxışı təşviq etmək üçün vacib bir çərçivə olduğunu deyib.
Nazir müavini “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində mədəni və yaradıcı sənayelərin inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. Bildirib ki, "Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı", "Mədəniyyət və yaradıcı sənayelərin təşviqi üzrə Qrant Proqramı”, eləcə də “Yaradıcı Mərkəz” layihəsi çərçivəsində həyata keçirilən fəaliyyətlər bu Konvensiyanın ölkəmiz tərəfindən icrasına mühüm töhfədir.
Səadət Yusifova, həmçinin son dövr ərzində qəbul edilmiş mədəni və yaradıcı sənayelərin inkişafına xidmət edən iki vacib qərar – Azərbaycan Prezidentinin sərəncamı ilə təsdiq edilmiş kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi qaydaları və mədəni və yaradıcı sənaye sahələrinə aid edilən iqtisadi fəaliyyət növləri, peşələri və xidmətlərinə dair Nazirlər Kabinetinin qərarı barədə məlumat verib.
Nazir müavini Ermənistanın etnik təmizləmə və işğal siyasəti nəticəsində bir milyondan çox azərbaycanlının məcburi köçkün və qaçqın düşdüyünü, onların öz mədəni məkanlarına əlçatanlıqdan və mədəni özünüifadə hüquqlarından sistemli şəkildə məhrum edildiyini vurğulayaraq, bunun UNESCO-nun 2005-ci il Konvensiyasına zidd olduğunu qeyd edib.
İyunun 20-dək davam edəcək konfransda 2005-ci il Konvensiyasının Hökumətlərarası Komitəsinə seçkilərin keçirilməsi, 2026–2027-ci illər üçün Hökumətlərarası Komitənin gələcək fəaliyyətini müəyyən edəcək strateji istiqamətlərə və mədəni və yaradıcı sənayelərin inkişafı ilə bağlı görülən işlərə dair müzakirələr də gözlənilir.