İngilis yazıçısı, məşhur casus romanlarının müəllifi Frederik Forsayt (Frederick McCarthy Forsyth) iyunun 9-da, 87 yaşında vəfat edib.

Frederik Forsayt 25 avqust 1938-ci ildə anadan olub. Yazıçılığa jurnalistikadan gəlib. 60-cı illərdə “Röyter” agentliyinin (Böyük Britaniya) Fransada müxbiri olub. 1967-68-ci illərdə agentliyin xüsusi müxbiri kimi Nigeriyada vətəndaş müharibəsini (Biafra bölgəsinin Nigeriyadan ayrılaraq özünü dövlət elan etməsi) işıqlandırıb.

İllər sonra özünün etiraf etdiyinə görə, məhz həmin vaxt Britaniya kəşfiyyatı – Mİ-6 ilə əməkdaşlığa başlayıb. Yazıçı 2015-cı ildə çap edilən avtobioqrafiyasında 20 ildən artıq Mİ-6-nın gizli agenti kimi fəaliyyət göstərdiyini qeyd edib. Həmin illərdə o, “Röyter”in Şərqi Berlin (sovetlərin nəzarətindəki ADR-in paytaxtı) və Praqa şəhərlərində də müxbiri olub.

Frederik Forsaytın “Biafranın tarixi” adlı ilk romanı Nigeriyada vətəndaş müharibəsindən bəhs edir.

Ona yazıçı kimi şöhrəti isə “Çaqqal günü” romanı gətirib. Əsər Fransa Prezidenti Şarl de Qolla sui-qəsdin qarşısının alınmasından bəhs edir. Maraqlıdır ki, bu roman bir neçə dəfə ekranlaşdırılsa da, kino versiyalarında Şarl de Qolla qəsd edilməsi deyil, başqa qəsd hekayəti əks olunub.

Yazıçının “Odessa dosyesi” ("The Odessa File"), “Müharibə köpəkləri” və digər əsərləri də ekranlaşdırılıb.

Frederik Forsaytın ümumilikdə 20-dən çox romanı onlarla dilə tərcümə olunub və dünya üzrə 75 milyona yaxın tirajla çap olunub.

“Freddinin indi də milyonlarla oxucusu olan trillerləri janrın etalonudur və müasir yazıçılar məhz bu etalona çatmağa can atırlar. Onun qoyub getdiyi  misilsiz irs hələ uzun illər bizi həyəcanlandıracaq”, – deyə yazıçının naşirlərindən biri onun ölüm xəbərindən sonra bildirib.

Vüqar Orxan