AMEA Arxeologiya və Antropologiya İnstitutunun və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin birgə dəstəyi ilə “Keşikçidağda elmi arxeoloji qazıntılar və Yay məktəbi – 5” layihəsinə start verilib.
Layihə çərçivəsində iyunun 8-də Bakı şəhərindən ziyalı və gənclərdən ibarət qrup üçün Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğu (Ağstafa rayonu) ərazisindəki “Yovşanlıdərə” kurqanlarına ekskursiya təşkil olunub.
Bu barədə qoruqdan məlumat verilib.
Ekskursiya zamanı iştirakçılar aparılan arxeoloji qazıntılarla tanış olublar. Ekspedisiyanın elmi rəhbəri, Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Nəcəfov tədqiqat işləri barədə onları məlumatlandırıb.
“Yay məktəbi” çərçivəsində Keşikçidağ ərazisində yerləşən kurqanların elmi tədqiqi, qədim insan məskənlərinin lokalizasiyası, dəfn adətlərinin və maddi-mədəniyyət nümunələrinin sistemli şəkildə öyrənilməsi istiqamətində mühüm elmi nəticələr əldə edilməkdədir. Layihə, həmçinin yerli və beynəlxalq tələbə və tədqiqatçılar üçün nəzəri biliklərin praktiki tətbiqi baxımından mühüm tədris və təcrübə platforması rolunu oynayır.
Keşikçidağ ərazisi yalnız arxeoloji baxımdan deyil, həm də turizm və elmi-tədqiqat potensialı baxımından əhəmiyyətli bir mərkəz kimi qiymətləndirilir. Bu cür elmi səfərlər gənc nəslin tarixə marağının artırılması, mədəni irsə qayğı və diqqətin aşılanması baxımından xüsusi önəm daşıyır.
Layihənin gedişi və əldə olunan elmi nəticələr barədə mütəmadi olaraq ictimaiyyətə məlumatlar təqdim olunacaq.