Belarusun Akademik Böyük Teatrında “Balet Yayı” festivalının açılışı dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun “1001 gecə” baletinin növbəti möhtəşəm uğuru ilə yadda qalıb.
Rusiyanın Əməkdar incəsənət xadimi, tanınmış azərbaycanlı xoreoqraf Eldar Əliyevin quruluş verdiyi tamaşada Sankt-Peterburq Mariinski Teatrının Primorski (Vladivostok) səhnəsinin aparıcı balet artistləri ilə yanaşı, Mariinski Teatrının (bədii rəhbər və baş dirijor Valeri Gergiev) simfonik orkestri və xoru iştirak edib.
Solo vokal hissəsini Anastasiya Kikot və əslən azəraycanlı olan Samira Qalimova (Həlimova) ifa ediblər, solo tarda ifanı isə Ramin Əzimov və Nadejda Medvedeva təqdim ediblər.
Mariinski Teatrının orkestrini Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyev idarə edib.
“1001 gecə” tamaşası “Balet Yayı” festivalında iki gün – 4-5 iyun tarixlərində nümayiş olunub.
İlk tamaşanı izləyənlər arasında Belarus Baş nazirinin müavini Viktor Karankeviç, mədəniyyət naziri Ruslan Çernetski, Belarus Milli Olimpiya Komitəsinin sədri Viktor Lukaşenko, Primorski Diyarının (RF) qubernatoru Oleq Kojemyako və digər rəsmilər olublar. Onlar tamaşadan sonra xoreoqraf Eldar Əliyev, dirijor Əyyub Quliyev və balet artistlərinə təbriklərini çatdırıb, Azərbaycan musiqisi ilə bağlı yüksək fikirlərini bölüşüblər.