Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Laçın rayonunun Bəylik kəndinin açılışında iştirak edib.
Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov dövlətimizin başçısına burada yaradılan şərait barədə məlumat verib.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq Laçın rayonunda, o cümlədən Bəylik kəndində genişmiqyaslı quruculuq işləri aparılır.
***
Prezident İlham Əliyev Laçın rayonunun Bəylik kəndində klub-icma mərkəzində yaradılan şəraitlə də tanış olub.
Buradakı otaqlarda rəqs və digər dərnəklər fəaliyyət göstərəcək. Binadakı zalda əlamətdar günlərlə bağlı müxtəlif tədbirlərin, eyni zamanda, gənclərin toplantı və görüşlərinin keçirilməsi üçün hərtərəfli şərait var. Bəylik kəndində evlərin, sosial obyektlərin, küçələrin işıqlandırılmasında yaşıl enerjidən istifadə edilir. Bu məqsədlə digər obyektlər kimi klub-icma mərkəzinin binasının damında da günəş panelləri quraşdırılıb.
***
Sonra Prezident İlham Əliyev Bəylik kəndində yeni inşa edilmiş fərdi evlərdə yaradılan şəraitlə tanış olub.
Qeyd edək ki, tamamilə yenidən tikilən kənddə 91 fərdi ev inşa olunub. Evlərdən 13-ü iki, 50-si üç, 15-i dörd, 13-ü isə beşotaqlıdır.
Əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr tikilib, kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub.
***
Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonunun Bəylik kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim edib.
Prezident İlham Əliyev sakinləri salamlayıb.
Sakinlər: Xoş gəlmisiniz.
Prezident İlham Əliyev: Siz də xoş gəlmisiniz doğma Vətəninizə.
Sakinlər: Allah Sizi qorusun! Fəxr edirik Sizinlə, Prezidentimizlə. Sizi Bəylikdə görmək böyük xoşbəxtlikdir. Xoş gəlmisiniz.
Prezident İlham Əliyev: Sağ olun. Sizi kəndin bərpa olunması münasibətilə təbrik edirəm. Eyni zamanda, bildiyiniz kimi, sabah Müstəqillik Günüdür. Sizi Müstəqillik Günü münasibətilə təbrik edirəm. Siz gözəl bayram ərəfəsində doğma torpağınıza qayıdırsınız. Bu, gözəl hadisədir və əminəm ki, burada, doğma torpaqda həyatınız xoş keçəcək.
Sakinlər: İnşallah.
Prezident İlham Əliyev: Dövlət əlindən gələni edib ki, sizin üçün çox gözəl şərait yaratsın.
Sakinlər: Var olsun dövlətimiz, çox sağ olun.
Prezident İlham Əliyev: Gözəl evlər, yollar, elektrik enerjisi, təbii qaz, su, həyətyanı sahə, yəni, yaşamaq üçün, çalışmaq üçün bütün imkanlar var. Belə gözəl, təbii şəraitdə yaşamaq, özü də öz torpağında yaşamaq, əlbəttə, əminəm ki, sizin üçün çox xoşdur. Bu, böyük xoşbəxtlikdir. Biz 30 illik erməni işğalına son qoyandan sonra dərhal bütün rayonlarda bərpa-quruculuq işlərinə start verildi, erməni vandallığına məruz qalmış kəndlər yenidən quruldu. Bəylik kəndi də ermənilər tərəfindən yerlə-yeksan edilmişdi. İndi gözəl yaşayış məntəqəsi yaradılmışdır. Buna yaxın, sizin qonşu kəndiniz vaxtilə bir kənd olub, Sus kəndi, o tərəfdə Zabux, Laçın şəhəri. İndi Laçın rayonunda artıq dörd yaşayış məntəqəsi bərpa edilib. Amma, ümumiyyətlə, bərpa edilmiş şəhər və kəndlərimizin sayı 15-ə çatıb. Bütün bunları qısa müddət ərzində etmişik və işlər davam etdirilir. Azad edilmiş bütün ərazilərdə genişmiqyaslı işlər gedir ki, tezliklə bizim vətəndaşlarımız öz torpaqlarına qayıtsınlar.
Sakinlər: İnşallah.
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə bu günə qədər 40-43 min adam yaşayır, çalışır, ali məktəbdə oxuyur.
İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Allah şəhidlərimizə rəhmət eləsin!
Sakinlər: Amin.
Prezident İlham Əliyev: Bildiyiniz kimi, o vaxt Laçın rayonunun kiçik bir hissəsi döyüş meydanında azad edilmişdi, cənub hissəsi. Ancaq əsas hissə Ermənistanın təslim olunmasından sonra azad edildi, bir güllə atılmadan. Həm Laçının əksər hissəsi, Kəlbəcər, Ağdamın böyük hissəsi Ermənistan tərəfindən məcburən bizə qaytarılmışdır və ondan bu yana Azərbaycan xalqı öz doğma torpaqlarına qayıtmağa başlamışdır.
May ayı sizin üçün ikiqat bayram ayı olacaq - həm müstəqillik bayramı, həm də Bəyliyə qayıtdığınız gün. Amma may ayı laçınlılar üçün faciəvi ay olmuşdur. Məhz may ayında Laçın işğala məruz qaldı, Şuşa işğalından 10 gün sonra. Bu, böyük bir faciə idi, böyük bir bəla idi həm sizin üçün, həm də bütün ölkəmiz üçün. Çünki məhz Laçının işğal altına düşməsi müharibədə ondan sonrakı uğursuzluqlarımızın təməlini qoydu. Çünki ovaxtkı Dağlıq Qarabağ bölgəsi coğrafi nöqteyi-nəzərdən Ermənistanla birləşdi. Mənfur Laçın dəhlizi açıldı, hansı ki, indi yoxdur. Artıq uzun illərin Laçın-Xankəndi yolu var. Laçın dəhlizi tarixdə qaldı.
Bilirsiniz, o vaxt o dövrü yaşayan insanlar yaxşı bilir ki, Azərbaycanda hakimiyyət uğrunda mübarizə gedirdi. O vaxt hakimiyyətə can atan AXC-Müsavat cütlüyü xəyanət, satqınlıq etmişdir və torpaqlarımızın işğal altına düşməsində onların böyük mənfur payı var. Məhz Laçın işğala məruz qalandan bir ay sonra onlar öz istəklərinə nail olub hakimiyyətə gəldilər, o da ölkəmiz üçün böyük bəlaya gətirib çıxarmışdır. Hakimiyyətə gəlmək üçün torpaqları satmaq, düşmənə təhvil vermək böyük cinayətdir, böyük xəyanətdir, satqınlıqdır, qorxaqlıqdır. Amma o, artıq tarixdə qaldı. O tariximizin qara səhifəsi çoxdan bağlandı. Azərbaycan bu gün bütün ərazisində öz suverenliyini bərpa edib. May ayı bundan sonra ancaq sizin üçün, bizim hamımız üçün bayram ayı kimi olacaqdır. Sağ olun.
Sakinlər: Allah canınızı sağ eləsin, Sizin sayənizdə, “Dəmir yumruq” sayəsində. Allah “Dəmir yumruğ”unuzu var eləsin, əziz Prezidentimiz.
Prezident İlham Əliyev: Sağ olun. İndi bizim gözəl tarixlərimiz var, gözəl bayramlarımız var. 18 may - Laçının işğal günü, 8 may - Şuşanın işğal günü, onlar artıq tarixdə qaldı. Siz yaxşı bilirsiniz ki, işğal dövründə laçınlılar, şuşalılar, digər rayonlardan olan insanlar hər il işğal gününü matəm kimi qeyd edirdilər. Bu, hər il onların dərdinə dərd əlavə edirdi, amma artıq o günlər yoxdur. Bizim indi 8 Noyabr günümüz var - Zəfər Günü, bizim 26 Avqust günümüz var - Laçının azad olunması günü və Laçının Günü kimi qeyd olunur. 23 Aprel var - o vaxt ki, Laçın istiqamətində biz öz sərhədimizə sahib çıxdıq və bizim sərhədimizdə yerləşənləri kənarlaşdıraraq artıq mənfur Laçın dəhlizini də nəzarətə götürdük. Təbii ki, 20 Sentyabr - bu da bizim böyük Zəfər günümüzdür. Birgünlük antiterror əməliyyatı nəticəsində separatizmin kökü kəsildi, Ermənistan ordusu tam təslim oldu. Artıq yeni dövr başlamışdır və bütün dünya bununla hesablaşmağa məcbur oldu. Baxmayaraq ki, hələ həm İkinci Qarabağ müharibəsi zamanı və müharibədən sonra, 2023-cü ilin sentyabr ayına qədər müxtəlif xarici dairələrdən müxtəlif məkrli təşəbbüslər irəli sürülürdü. Heç birinin əhəmiyyəti olmadı. Çünki dediyiniz kimi, “Dəmir yumruq” yerindədir. Sizi təbrik edirəm, xoşbəxt yaşayın.
Sakin: Cənab Prezident, mən ailəm adından, Bəylik kəndi adından Sizə böyük minnətdarlığımı, təşəkkürümü bildirirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Amin. Cani-könüldən deyirəm, Allah Sizi Azərbaycan xalqının üstündən əskik etməsin. Amin. Mehriban xanımla qoşa yarıyın, qoşa qarıyın. Var olun. Hamınız var olun…
Prezident İlham Əliyev: Sağ olun, təşəkkür edirəm.
***
Sonra açarların təqdim edilməsi mərasimi olub.