
Mərakeş Krallığının Azərbaycan Respublikasındakı Səfirliyi “Afrika Günü 2025” münasibətilə 23–25 may tarixlərində Bakıda “Afrika kinosu günləri”nin 2-ci buraxılışını təşkil edib.
Səfirliyin yaydığı məlumata görə, tədbir Mərakeşin Afrika mədəniyyətinin kino vasitəsilə təbliği istiqamətindəki öhdəliyini nümayiş etdirir.
Xuribqa Afrika Kino Festivalı Fondunun tərəfdaşlığı və “Landmark” Biznes Mərkəzinin dəstəyi ilə təşkil olunan bu buraxılışda Zambiya, Zimbabve, Kamerun, Mozambik, Mali və Tanzaniya kinosunu təmsil edən və mükafatlar qazanmış altı film təqdim edilib.
Tədbirin açılışında Mərakeş Krallığının Azərbaycandakı səfiri bu təşəbbüsün qitənin zəngin bədii irsini və mədəni müxtəlifliyini, orijinal, dözümlü və ictimai öhdəlikli kino vasitəsilə tanıtmağı hədəflədiyini qeyd edib.
Vurğulanıb ki, Kral VI Məhəmmədin Cənub-Cənub həmrəyliyinə əsaslanan əməkdaşlıq vizionu çərçivəsində bu təşəbbüs, eyni zamanda, Azərbaycanda diplomatik şəkildə təmsil olunmayan Afrika ölkələrinin mədəniyyətini işıqlandırır.
Tədbir çoxsaylı auditoriyanı – tələbələri, kino həvəskarlarını, jurnalistləri, diplomatları və xarici icma üzvlərini cəlb edib.
Qeyd edək ki, 25 may – Afrika Günü BMT Baş Assambleyasının müvafiq qətnaməsi ilə 1999-cu ildə təsis edilib. Bu günün tarixi 25 may 1963-cü ildə Efiopiyanın Əddis-Əbəbə şəhərində Afrika ölkələrinin 1-ci konfransının keçirilməsi və Afrika Birliyi Təşkilatının yaranması ilə bağlıdır.