Azərbaycan Milli Xalça Muzeyində “Zamanın ilmələri” adlı layihənin təqdimatı olub.

Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi və HüsnART Müstəqil Bədii Birliyinin təşkilatçılığı ilə reallaşan layihə 1 iyun –  Beynəlxalq UşaqlarınMüdafiəsi Gününə həsr olunub.

Mayın 26-da keçirilən tədbir çərçivəsində Xalq rəssamı, görkəmli qrafika ustası Arif Hüseynovun fərdi sərgisi açılıb.

Ekspozisiyada 2024–2025-ci illərdə yaradılmış və xalçanın yaranma mərhələlərini ardıcıllıqla əks etdirən əsərlər nümayiş etdirilib. Qarışıq texnikada kətan üzərində işlənmiş 20-dən artıq qrafik əsər müəllifin xalçaçılığa, milli adət-ənənələrə olan sevgisini əks etdirir və maraqlı süjet xəttində birləşir.

Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova çıxış edərək sərginin təşkili barədə danışıb və onun maarifləndirici xarakter daşıdığını vurğulayıb. 

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva çıxışında Arif Hüseynovun yaradıcılığının çoxşaxəliliyini qeyd edib, layihə münasibətilə təbriklərini çatdıraraq uğurlar arzulayıb.

Azərbaycan Rəssamlar İttifaqı sədr müavini Xalq rəssamı Ağəli İbrahimov bildirib ki, Arif Hüseynovun əsərləri zamanla xalqın kollektiv yaddaşının bir hissəsinə çevriləcək.

Tarix elmləri doktoru, diplomat və dövlət xadimi Həsən Həsənov rəssamı sərgi münasibətilə təbrik edib və onun yaradıcılığında yenilik ruhunu daima duyduğunu vurğulayıb.

Əməkdar jurnalist Etibar Babayev və Xalq yazıçısı Natiq Rəsulzadə də rəssama növbəti sərgi münasibətilə təbriklərini çatdırıblar. Qeyd olunub ki, sənətkar hər sərgidə bizi təəccübləndirir. Mövzular dəyişsə də, yaradıcılıq səviyyəsi daim yüksək olaraq qalır.

Daha sonra çıxış edən Arif Hüseynov bu sərgini özünün ən vacib layihələrindən biri kimi dəyərləndirib.

Tədbir çərçivəsində 3 saylı Uşaq və gənclər inkişaf mərkəzinin dərnək üzvləri “Zaman xətləri” layihəsinə xüsusi olaraq hazırlanmış rəqs kompozisiyası ilə çıxış ediblər. 

Qonaqlar sərgi ilə tanış olduqdan sonra əsərlərin süni intellekt vasitəsilə canlandırıldığı və süjet xəttinə uyğun videoçarx formasında təqdim edildiyi ekspozisiyanı izləyiblər.

Bundan əlavə, uşaqların xalçanın yaranma mərhələləri ilə tanışlığı və milli irsə marağının artırılması məqsədilə muzeyin Uşaq şöbəsi “Xalça necə yaranır?” adlı yeni ustad dərs təşkil edib. Dərs zamanı uşaqlar qoyunun qırxılması, yun daranması və ip əyrilməsi, həmçinin xalça toxunuşu proseslərinin şahidi və iştirakçısı olublar.

Xalq rəssamı Arif Hüseynov təəssüratını media mənsubları ilə bölüşüb: “Bu gün xalçaçılıq prosesinə həsr olunmuş növbəti fərdi sərgim baş tutur. Bu, çox maraqlı və dərin məzmunlu prosesdir. İlk növbədə sərgi gənclər üçün nəzərdə tutulub, çünki vacibdir ki, onlar öz mədəniyyətlərini tanısın və qiymətləndirsinlər. Açılışın yüksək səviyyədə keçməsinə çox sevinirəm. Bir ay davam edəcək sərgiyə hər kəsi dəvət edirəm”.

Qeyd edək ki, sərgi və ustad dərsləri iyunun 26-dək davam edəcək.