Azərbaycan teatr xadimlərindən ibarət heyət Moskvada keçirilən Çexov adına Beynəlxalq Teatr Festivalının təntənəli açılış mərasimində fəxri qonaq qismində iştirak edib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Moskvaya gedən heyətdə Akademik Milli Dram Teatrının direktoru Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Xalq artisti Hacı İsmayılov və Akademik Milli Dram Teatrının ədəbi hissə müdiri Cavid Zeynallı yer alıb.

Akademik Milli Dram Teatrından bildirilib ki, festivalın Kreml Sarayında keçirilən açılış mərasimində Çin Xalq Respublikasının “Poetik rəqs: əfsanəvi mənzərənin səyahəti” rəqs-tamaşası nümayiş olunub.

İyulun 25-dək davam edəcək festivalda Hindistan, Kolumbiya, İran, Braziliya, Qazaxıstan, Argentina və başqa ölkələr tamaşa ilə çıxış edəcəklər.

Moskvaya səfər çərçivəsində İlham Əsgərov Y.Vaxtanqov adına Dövlət Akademik Teatrının direktoru Kiril Krokla görüşüb. İki teatr arasında gələcək əməkdaşlığı nəzərdə tutan memorandumun imzalanması haqqında ilkin danışıq aparılıb. Kiril Krok Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə müxtəlif istiqamətli yaradıcı əməkdaşlığa məmnuniyyətlə hazır olduğunu diqqətə çatdırıb.

Görüşdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının gənc aktyorlarının, eləcə də yaradıcı və texniki heyətin 2025-ci il ərzində Y.Vaxtanqov adına Dövlət Akademik Teatrında yaradıcılıq təcrübəsi keçməsi ilə bağlı razılıq əldə olunub. Eyni zamanda, böyük tarixi və ənənəsi olan bu teatrdan Akademik Milli Dram Teatrına rejissor dəvət olunması məsələsi müzakirə edilib. Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.

Səfər müddətində İlham Əsgərov Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının iclasında iştirak edib, rəhbərlik etdiyi teatrın Çexov adına Beynəlxalq Teatr Festivalında iştirakı haqqında müzakirə aparıb. Çexov festivalı üçün xüsusi hazırlanmış xalça festivalın təşkilatçılarına hədiyyə edilib.

Azərbaycan nümayəndə heyəti Bolşoy Teatrda “Salome” (Rixard Ştraus), Y.Vaxtanqov adına Dövlət Akademik Teatrında “Teatr” (Somerset Moem) tamaşalarına baxıblar.