Tbilisinin məşhur rəsm qalereyalarından olan “IAart Gallery”də azərbaycanlı fotorəssam Aqdes Bağırzadənin fərdi sərgisi açılıb.

Tədbirdə Gürcüstandakı diplomatik missiyaların nümayəndələri və yaradıcı ziyalılar iştirak ediblər.

Sərgidə “Mənim görünməyən tərəfim” (“The Other Side of Me”) adlı əsərlər silsiləsi təqdim edilir. Bu silsilədən olan əsərlər bundan əvvəl 2022-ci ildə Parisdəki Beynəlxalq Müasir İncəsənət Salonunda (Carrousel du Luvr) nümayiş etdirilib. Həmçinin “Rusiya incəsənəti” kataloqunda “Beynəlxalq incəsənət” bölməsində dərc olunub. Bundan əlavə, 2019-cu ildə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi bu silsilədən əsərlərdən ibarət rəngli almanax nəşr edib. 

“Mənim görünməyən tərəfim” seriyası dünyanı necə gördüyüm ilə bağlı subyektiv hisslərimdir. Seriyaya qəfil diqqətimi çəkən memarlıq detallarından gerçəkliyin xəyali, optik olaraq yenidən düşünülmüş əksləri, sufi dərvişlərin mistik rəqsi, təbiətin özündə gizlincə izlənilmiş abstrakt formalara qədər gündəlik həyatın ən müxtəlif obrazları daxildir. Sanki ekspromt kimi kamera ilə çəkilən, ani olaraq keçməsində gözlənilməz olan gerçəkliyin görüntülərini xoşlayıram. İstər ətraf mühit, təbiət, istərsə də şəhər, bunların hamısı mənim yaradıcılıq həvəsimi artırır”, - deyə Aqdes Bağırzadə bildirib.

Aqdes Bağırzadənin fotoşəkilləri Azərbaycanda və xaricdə də dəfələrlə nümayiş etdirilib, bir sıra beynəlxalq müsabiqələrdə mükafatlar qazanıb. Onun işləri ölkəmizlə yanaşı, Sloveniya, Avstriya, Rusiya, Polşa, Ukrayna və Türkiyədə beynəlxalq fotofestivallarda yüksək qiymətləndirilib. Fotorəssam dəfələrlə beynəlxalq foto müsabiqələrinə münsiflər heyətinin üzvü kimi dəvət olunub.

“Wondernet Express Investment Group”un dəstəyi ilə gerçəkləşən sərgi mayın 30-dək davam edəcək.