Ölkəmizdə səfərdə olan Özbək Milli Makom Sənəti İnstitutunun Cizzax vilayəti Hududi bölümünün ansamblı Beynəlxalq Muğam Mərkəzində (BMM) “Məqamımızın sədaları” adlı konsert proqramı ilə çıxış edib.
Konsertdən əvvəl BMM-nin direktoru Əməkdar artist Sahib Paşazadə səhnəyə çıxaraq özbək musiqiçiləri salamlayıb. Diqqətə çatdırıb ki, Azərbaycanın Özbəkistanla mədəni əlaqələrində muğam sənəti ilə bağlı layihələr xüsusi əhəmiyyət kəsb edir. Özbək musiqiçilərinin BMM-də çıxışları artıq ənənəyə çevrilib. “Məqamımızın sədaları” adlı konsert eyni zamanda özbək muğam (makom) sənəti ilə Azərbaycan muğam sənəti arasında oxşar və fərqli cəhətləri nümayiş etdirəcək.
Direktor BMM ilə Yunis Rəcəbi adına Özbək Milli Musiqi Sənəti İnstitutu, Şərəf Rəşidov adına Səmərqənd Dövlət Universiteti və Özbəkistanın digər sənət mərkəzləri arasında əməkdaşlıq memorandumlarının imzalandığını da diqqətə çatdırıb.
Sonra konsert proqramı təqdim olunub.
Dastan Tahirovun bədii rəhbərliyi ilə çıxış edən ansamblın ifasında muğam parçaları, özbək xalq mahnılarından ibarət kompozisiyalar tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.