Azərbaycan Dövlət Akademik Filarmoniyasının kollektivlərindən olan Xalq çalğı alətləri orkestrinin milli musiqi mədəniyyətimizin inkişafında mühüm rolu var. Kollektiv fəaliyyət göstərdiyi 25 il ərzində neçə-neçə tədbirlərdə, konsertlərdə, festivallarda musiqisevərlərin zövqünü oxşayıb.

Bu yaxınlarda filarmoniyanın səhnəsində Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin 25 illiyinə həsr olunmuş “Ötən illərə musiqili səyahət” adlı konsert proqramı təqdim edildi.

Tamaşaçılar arasında tanınmış mədəniyyət, elm xadimləri vardı.

Akademik Rafael Hüseynov yubiley axşamında orkestrin fəaliyyətindən söz açdı, kollektivi təbrik etdi.

Proqramda Azərbaycan xalq mahnıları və bəstəkar əsərləri səsləndi. Həmişə olduğu kimi, orkestrin yubiley konserti də sürəkli alqışlarla müşayiət olundu.

Bildiyimiz kimi, Azərbaycanda ilk dəfə notlu xalq çalğı alətləri orkestri milli bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin təşəbbüsü ilə 1931-ci ildə təşkil edilib. Orkestrin baş dirijoru Üzeyir Hacıbəyli, dirijor köməkçisi və konsertmeysteri isə Səid Rüstəmov olub.

Şərqdə simfonik orkestr olaraq yaradılmış ilk xalq çalğı alətləri orkestri olan bu kollektiv Azərbaycan musiqi mədəniyyəti tarixində məxsusi yerə malikdir. Orkestrin ilk tərkibi tar, kamança, balaban, dəf və nağaradan ibarət olub, sonralar bu sıraya tütək, zurna, qoşanağara, klarnet, qanun, fortepiano və s. alətlər əlavə edilib.

Bu il 25 illik yubileyi tamam olan Dövlət xalq çalğı alətləri orkestrinı isə Xalq artisti, professor Ağaverdi Paşayev 2000-ci ildə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının nəzdində yaradıb.

Ağaverdi müəllimin bədii rəhbəri və baş dirijoru olduğu orkestr zəngin repertuarı ilə bir çox qastrol səfərlərində çıxış edib, Türkiyə, Fransa, Belarus, Tacikistan və ölkələrdə keçirilən Azərbaycan mədəniyyəti günlərində tamaşaçıların rəğbətini qazanıb. 2004, 2005 və 2010-cu illərdə İranda keçirilən ənənəvi "Fəcr" beynəlxalq musiqi festivallarında kollektiv "Qızıl çəng" mükafatına layiq görülüb.

Orkestrin direktoru Əməkdar mədəniyyət işçisi Elçin Abbasovdur.

Orkestrin inkişafında peşəkar musiqiçilərdən ibarət ifaçıların əməyi danılmazdır. Müxtəlif alətlər üzrə istedadlı ifaçıları bir yerə cəmləyən orkestr ölkəmizin mədəni həyatında fəal iştirak edir, fəaliyyəti ilə həm də yüksək səviyyəli musiqi əsərlərinin yaranmasına zəmin olur, ölkənin musiqi həyatında canlanma yaradır.

Xalq artisti, professor Tofiq Bakıxanovun dediklərindən: “Ağaverdi müəllim orkestri çox gözəl idarə edir, onun çox gözəl xasiyyəti var. Rəhbərlik etdiyi orkestrin ifaçıları da ona böyük hörmət, rəğbət və məhəbbət bəsləyirlər...”.

Beləliklə, nəsillər dəyişsə də, növbəti gələn davamçılar sənət aləmindəki böyüklərin ənənələrinə sadiq qalır, bu ənənələri yaşadır, davam və zəmanəyə uyğun inkişaf etdirirlər. İfaçıların fərdi istedad və bacarığını qeyd etməklə bərabər, bu insanları doğma bir ocaq kimi öz ətrafında cəmləyən orkestri 25 illik yubileyi münasibətilə təbrik edir, daim yaradıcılıq uğurları arzulayırıq.

Nərgiz Qulamova-Tarverdiyeva

musiqişünas