Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti, Əməkdar artist Səidə Şərifəliyeva Türkmənistanın paytaxtı Aşqabadda keçirilən “Dünyanın musiqisi” adlı beynəlxalq festivalda ölkəmizi təmsil edib.

Azərbaycanın Türkmənistandakı səfirliyindən bildirilib ki, Türkmənistan Mədəniyyət Nazirliyinin təşkil etdiyi festival klassik musiqi sahəsində müxtəlif ölkələrin ifaçıları arasında yaradıcılıq əlaqələrinin qurulması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və klassik musiqi sənətinin təbliği məqsədini daşıyır.

Tədbirdə opera ifaçıları, klassik musiqi alətlərinin ifaçıları, həmçinin trio, kvartet və kvintetlərdən ibarət musiqi kollektivləri iştirak ediblər.

Azərbaycan təmsilçisi Səidə Şərifəliyevanın çıxışı festivalda rəğbətlə qarşılanıb. Onun bu il 140 illiyi qeyd olunan dahi bəstəkar Üzeyir Hacıbəylinin yaradıclığına müraciət etməsi xüsusi maraq doğurub.

Səidə Şərifəliyevanın ifasında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından “Gülçöhrənin ariyası” və Türkmənistanın məşhur vokalçısı Mənsur Şərifovla birgə ifa etdiyi “Əsgərlə Gülçöhrənin dueti" sürəkli alqış doğurub.