Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən mədəniyyət müəssisələrində çalışan əməkdaşların peşə səriştələrinin formalaşdırılması və inkişafı məqsədilə yeni tədris modulları əsasında hazırlanmış təlimlər davam edir.
MEMİM-dən verilən məlumata görə, “Azərbaycan Respublikasının əmək qanunvericiliyi” təlim modulu əsasında Milli Kitabxanada keçirilən insan resursları üzrə ixtisasartırma kursunun təlimçisi Bakı Dövlət Universitetinin Əmək və ekologiya hüququ kafedrasının professoru, hüquq üzrə elmlər doktoru Mayis Əliyevdir.
Mayis Əliyev və MEMİM-in direktoru vəzifəsini icra edən dosent Vüqar Hümbətov təlimin məqsədini diqqətə çatdırıblar. Qeyd olunub k, ötən ildən başlayaraq mərkəz tərəfindən artıq 3-cü belə kurs keçirilir.
Bir aydan artıq davam edəcək təlimdə iştirakçılar əmək qanunvericiliyinin əsasları, müəssisədə insan resursları işinin təşkili və kadr kargüzarlığının aparılması, əməyin mühafizəsi qaydaları, sahəyə uyğun qanunvericilik və digər mövzular haqqında biliklərini, həmçinin praktiki vərdişlərini təkmilləşdirəcəklər.