Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyindəki Quba Soyqırımı Memorial Kompleksində 18 may – Beynəlxalq Muzeylər Günü ilə əlaqədar "açıq qapı" aksiyası təşkil olunub.

Bələdçilər tərəfindən ziyarətçilərə kompleksin tarixi, 1918-ci ildə erməni daşnak və bolşevik hərbi dəstələrinin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, 2007-ci ildə Quba şəhərində aparılan tikinti işləri zamanı kütləvi məzarlığın aşkar olunması 1918-ci il soyqırımının dəhşətlərini bir daha ortaya çıxarıb.

Erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə, Prezident İlham Əliyevin 2009-cu il oktyabrın 30-da imzaladığı müvafiq Sərəncama əsasən, Heydər Əliyev Fondunun dəstəyi ilə Quba şəhərində Soyqırımı Memorial Kompleksi inşa edilib. 2013-cü il sentyabrın 18-də açılışı olan kompleksin indiyədək ümumilikdə 1,2 milyondan çox ziyarətçisi olub. Onların 200 minə yaxını əcnəbilərdir.