Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 19-22 may tarixlərində Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir. Paytaxt Düşənbəyə gedən Azərbaycan nümayəndə heyətinə mədəniyyət naziri Adil Kərimli rəhbərlik edir.
Mayın 20-də Tacikistan Milli Kitabxanasında nazir Adil Kərimli ilə tacik həmkarı xanım Matlubaxon Sattoriyen arasında görüş keçirilib.
Əvvəlcə kitabxana ilə tanışlıq olub. Kitabxananın tarixi, nadir əlyazmaların qorunduğu fond haqqında ətraflı məlumat verilib.
Görüşdə çıxış edən Tacikistanın mədəniyyət naziri Matlubaxon Sattoriyen Azərbaycan Mədəniyyəti Günlərini xalqlarımızı daha da yaxınlaşdıran əlamətdar hadisə kimi səciyyələndirib. O, ötən ilin may ayında Bakıda Tacikistan Mədəniyyəti Günlərinin yüksək səviyyədə keçirilməsinə və səmərəli görüşlərə görə Azərbaycan Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib.
Adil Kərimli öz növbəsində Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə Tacikistan tərəfinə təşəkkürünü bildirib. Qeyd edib ki, iki ölkənin dövlət başçılarının səmimi dostluq münasibətləri Azərbaycan və Tacikistan arasında əlaqələrin hərtərəfli inkişafında müstəsna əhəmiyyətə malikdir. Prezidentlər İlham Əliyev və İmoməli Rəhmon tərəfindən 2024-cü il mayın 23-də Bakıda imzalanan “Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə” ölkələrimizin əməkdaşlığının zirvəyə yüksəlməsinin göstəricisidir.
A.Kərimli iki ölkə arasında mədəniyyət sahəsi üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğunu deyib. Bildirib ki, Azərbaycanın Düşənbədəki səfirliyi də mədəni əlaqələrin inkişafı üçün davamlı dəstək göstərir.
Görüşdə Azərbaycan tərəfinin kinematoqrafiya, kitabxana, mədəni irs və digər sahələrdə əməkdaşlığın inkişafında maraqlı olduğu vurğulanıb.
Bu günlərdə Bakıda ICESCO-nun Regional Ofisinin açıldığını diqqətə çatdıran Adil Kərimli ofisin Azərbaycanla yanaşı, Mərkəzi Asiya Respublikalarının, o cümlədən Tacikistanın da qurumla əməkdaşlığını koordinasiya edəcəyini deyib.
Söhbət zamanı Azərbaycanın Laçın şəhərinin 2025-ci ildə "MDB-nin mədəniyyət paytaxtı" missiyasını yerinə yetirdiyi bildirilib, Tacikistan tərəfi iyun ayının əvvəlində Laçında keçiriləcək "paytaxt ili"nin açılış tədbirinə dəvət edilib.