Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Sabirabad rayon Mədəniyyət Mərkəzində “Uşaq İncəsənət Festivalı – 2025” çərçivəsində rəngarəng tədbir təşkil olunub.

Tədbir çərçivəsində məktəblilərin hazırladığı dekorativ-tətbiqi sənət nümunələri, rəsm əsərləri, robotexnika layihələri və digər yaradıcılıq işlərindən ibarət sərgi açılıb.

Xüsusi ayrılmış guşələrdə uşaqlar rəsmlər çəkib, yaradıcı fəaliyyətlərini yerində nümayiş etdiriblər.

Uşaqlar üçün rəqs üzrə ustad dərsləri də təşkil edilib. Azərbaycan Dövlət Rəqs Ansamblının bədii rəhbəri Xalq artisti Rüfət Xəlilzadənin iştirakı ilə reallaşan dərsdə uşaqlara rəqsin müxtəlif texnikaları, səhnə davranışı, qrup halında ifa bacarıqları interaktiv formada öyrədilib.

Daha sonra Sabirabad şəhəri uşaq bağçalarının, Mil-Muğan regionu üzrə musiqi və incəsənət məktəblərinin, həmçinin mədəniyyət mərkəzlərinin nəzdində fəaliyyət göstərən uşaq rəqs və folklor kollektivlərinin iştirakı ilə konsert proqramı təqdim edilib.

Festival iştirakçıları Sabirabad şəhərindəki Heydər Əliyev Mərkəzini də ziyarət edərək, Ulu öndərin həyat və siyasi fəaliyyətini əks etdirən ekspozisiyalarla tanış olublar.

Nurəddin