Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Səbail rayon Mərkəzi Kitabxanasında professorlar Nizami Məmmədov və Sevda Məmmədəliyevanın müəllifi olduqları “Ekoloji sivilizasiyanın astanasında: yaşıl enerjiyə keçid” kitabının müzakirəsinə həsr olunmuş “dəyirmi masa” keçirildi.
Tədbiri tarix üzrə fəlsəfə doktoru, Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova açaraq diqqətə çatdırdı ki, kitab iki böyük alimə – bu il 120 illik yubileyini qeyd edəcəyimiz akademik Yusuf Məmmədəliyevə və türkiyəli professor Turhan Nejat Vəziroğluna ithaf edilib. Üç dildə (Azərbaycan, ingilis, rus) nəşr olunan və 12 bölmədən ibarət kitab mühüm məlumatların toplandığı qiymətli vəsaitdir. L.Məmmədova bildirdi ki, kitab müəlliflər tərəfindən təhsil müəssisələrinin kitabxanalarına, Mədəniyyət Nazirliyinin tabeliyində olan bir sıra kitabxanalara hədiyyə edilib.
Həmçinin kitabla bağlı paytaxtın bır sıra məktəblərinin şagirdləri və C.Naxçıvanski adına Hərbi Liseyin kursantları arasında şeir, esse və inşa müsabiqəsi keçirilib. Müsabiqədə 73 nəfər iştirak edib, şeir müsabiqəsinin qalibi 18 nəfər, esse və inşa müsabiqəsinin qalibi 8 nəfər olub.
Yazıçı-publisist, politoloq Reyhan Mirzəzadə kitab haqqında fikirlərini bölüşdü. Bildirdi insan təbiətin gözəlliklərindən güc alır. Meşələr, yaşıllıqlar olmasa, insanın şüuru, zehni inkişaf edə bilməz. Böyük rus yazıçısı Lev Tolstoy yaşadığı Yasnaya Polyanada – yaşıllıqlar qoynunda dünya şöhrətli əsərlər yaradıb.
Uşaq yazıçısı Solmaz Amanova qeyd etdi ki, ekoloji baxımdan çətin vaxtda təbiətimizi qorumasaq, bunu bizim üçün heç kim etməyəcək. Təbiəti tullantılardan təmizləmək üçün uşaqları da tərbiyə etmək lazımdır. S.Amanova daha sonra akademik Yusuf Məmmədəliyevə həsr etdiyi şeirini oxudu.
Fəlsəfə elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Sevda Məmmədəliyeva tədbirin təşkilatçılarına, iştirakçılara, kitabın müzakirəsində, ekologiyaya həsr olunmuş müsabiqədə iştirak edən şagird və kursantlara təşəkkürünü bildirdi.
Qeyd etdi ki, Yusuf Məmmədəliyev II Dünya müharibəsi zamanı Sovet ordusu və hərb sənayesi üçün müstəsna əhəmiyyət kəsb edən yüksəkoktanlı benzini ixtira etdikdən sonra Hitlerin göstərişi ilə onu öldürmək və laboratoriyasını partlatmaq üçün Bakıya alman diversiya qrupu göndərilmişdi. Bu faktı professor, geologiya-mineralogiya elmlər doktoru Çapay Sultanov yazdığı kitabda qeyd edib.
Akademik Y.Məmmədəliyevin təcrübələri, fəaliyyəti, Azərbaycan Elmlər Akademiyasının prezidenti olması haqqında söz açan Sevda Məmmədəliyeva onu da vurğuladı ki, milli professional vokal məktəbinin banisi, görkəmli müğənni, professor Bülbül atamın çətin anlarında hər zaman öz nəğmələri ilə ona dəstək olmuşdu. O, çıxışını Bəxtiyar Vahabzadənin akademik Yusuf Məmmədəliyevin 50 illiyinə həsr etdiyi şeiri ilə yekunlaşdırdı.
Rusiya Federasiyasının Prezidenti yanında Dövlət Qulluğu Akademiyasının professoru Nizami Məmmədov kitabın ərsəyə gəlməsi haqqında danışdı. Qeyd etdi ki, “Ekoloji sivilizasiyanın astanasında: yaşıl enerjiyə keçid” kitabının davamı olaraq bu il daha bir kitabımız işıq üzü görəcək.
Tədbirdə kitabın müəllifləri Nizami Məmmədova və Sevda Məmmədəliyevaya, C.Naxçıvanski adına Hərbi Liseyin rəisi, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Anar Mirzəyevə M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın “Fəxri oxucu” diplomları təqdim olundu.
Müsabiqələrin qalibləri olan kursantlar və məktəblilər diplom və təşəkkürnamələrlə təltif edildilər, onlara kitablar hədiyyə edildi.
Bədii hissədə müsabiqələr laureatları – xanəndə Maya Cəbrayılova (tarda Cavanşir Rüstəmbəylinin, kamançada Əli Rüstəmbəylinin müşayiəti ilə), müğənni-vokalçı İslam Qasımov, Bakı Musiqi Akademiyasının magistri Leyli Əşrəfi, Səbinə Qocayeva, eləcə də Milli Konservatoriya tərkibində İncəsənət Gimnaziyasının, paytaxtın 7, 18, 76, 11, 175 nömrəli orta məktəblərin şagirdləri ifa etdikləri mahnılarla, müsabiqə qalibi olan kursantlar və məktəblilər təbiətə aid şeirlərlə tədbirə rəng qatdılar. Bədii hissənin rejissoru bəstəkar Esmiralda Hüseynova idi.
Aysel Həsənova
M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın şöbə müdiri