Üzeyir Hacıbəylinin Ev-Muzeyində Qarabağ Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şuşa şəhər Mədəniyyət evinin təşkilatçılığı ilə “Şuşadan dünyaya” adlı layihə çərçivəsində konsert proqramı keçirilib.

Layihənin rəhbəri, Şuşa şəhər Mədəniyyət evinin bədii rəhbəri Orxan Hüseynov şuşalı kimi bu işi, sadəcə, vəzifə yox, mənəvi borc, müqəddəs bir missiya kimi qəbul etdiyini deyib: “Layihə çərçivəsində bu artıq ikinci tədbirdir. İlk görüşümüz Niyazinin xatirəsinə həsr olunaraq onun ev-muzeyində reallaşıb”.

Tədbirdə çıxış edən ev-muzeyin müdiri Xalq artisti, bəstəkar Sərdar Fərəcov Üzeyir Hacıbəylinin ömür yolu və yaradıcılığı haqqında geniş məlumat verib. O, dahi bəstəkarın 140 illik yubileyin dövlət səviyyəsində qeyd olunmasının əhəmiyyətini vurğulayıb. S.Fərəcov Üzeyir Hacıbəylinin Azərbaycan mədəniyyətinə və musiqisinə verdiyi misilsiz töhfələri xatırladaraq onun irsinin gələcək nəsillərə ötürülməsinin vacibliyini qeyd edib.

Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva və Şuşa şəhər Mədəniyyət evinin direktoru Rüstəm Əliyev Üzeyir Hacıbəyli irsinin Azərbaycan mədəniyyətinin və musiqi tarixinin ayrılmaz hissəsi olmasından danışıblar.

Çıxışlardan sonra konsert proqramı təqdim olunub. Beynəlxalq müsabiqələr laureatı, fleyta ifaçısı Rəhilə Nəzərova, vokalçı Murad Kəngərli, piano ifaçıları Ali Vahidov, Ayan Həsənova, Valeh Aslanov, eləcə də Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solisti, gizir Vüsal Şuşalı musiqi nömrələri səsləndiriblər. Gənc bəstəkar Saleh Nəzərovun əsəri dinləyicilərə təqdim olunub.

“Buta” rəqs qrupunun bədii rəhbəri, xoreoqraf Türkanə Bayramovanın ifasında milli rəqslərimiz nümayiş etdirilib.