Paytaxtda fəaliyyət göstərən teatrların may ayı üzrə repertuarı zəngindir.

Teatrların bir qisminin saytında nümayişi nəzərdə tutulan tamaşalar müvafiq günlər üzrə aylıq afişa şəklində təqdim olunub və bu format paylaşma, məlumatlanma baxımından çox münasibdir. Odur ki, biz də həmin teatrların aylıq afişasını eyni şəkıldə sizə təqdim edirik.

Beləliklə, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı və Azərbaycan Dövlət Kukla Teatrının may ayı üzrə nümayiş planı ümumi afişa şəklindədir.

Digər qisim teatrların repertuarı isə hər tamaşa üzrə ayrı-ayrı afişa olaraq verilib. Arzu edərdik ki, həmin teatrların aylıq afişa formatında da paylaşımları olsun. 

Hələliksə biz sözügedən teatrların hərəsindən 1-2 nümunə haqqında məlumatla kifayətlənməli olacağıq.

Azərbaycan Dövlət Opera və Balet Teatrı (binası təmirdədir) mayın 21-də BMA-nın nəzdindəki Opera Studiyasının səhnəsində Cüzeppe Verdinin “Traviata” operasını, mayın 23-də isə Tofiq Bakıxanovun "Xəzər balladası", "Xeyir və Şər" birpərdəli baletlərini təqdim edəcək.

Azərbaycan Dövlət Yuğ Teatrının (Kukla Teatrının binasında fəaliyyət göstərir) repertuarında mayın 4-də “P.A.N.D.A.” (Matey Vişnekin əsəri əsasında) var. Mayın 10-da isə yuğçular “Şəbədə” göstərəcəklər. Tamaşa M.F.Axundzadənin “Mürafiə vəkillərinin hekayəti” pyesi əsasında hazırlanıb.

Şuşa Dövlət Musiqili Dram Teatrı 3-4 may tarixlərində yaz tətilində olan məktəblilər üçün “Göyçək Fatma”, “Cırtdan”, “Dovşanın ad günü”, “Karlsonun macəraları” və s. tamaşalardan ibarət repertuar tərtib edib.