Tarixdəki olaylar
1 may 1889 – Parisdə II İnternasionalın konqresində 1 mayın “Dünya zəhmətkeşlərinin həmrəyliyi günü” kimi qeyd olunması barədə qərar qəbul edilib. Qərar 1886-cı ilin mayında ABŞ-nin Çikaqo şəhərində 8 saatlıq iş günü tələbi ilə etiraz aksiyası keçirən və buna görə güllələnən fəhlələrin xatirəsinə həsr olunmuşdu.
1 may 1918 – “Bakı Komissarları Soveti”nin qoşunları Qubaya hücum edib. Amazaspın başçılıq etdiyi dəstələr qırğınlara başlayıb. Quba bölgəsində ümumilikdə 3 minədək insan qətlə yetirilib.
1 may 1964 – Türkiyədə dövlət radio və televiziya qurumu – TRT yaradılıb. Ölkənin ayrı-ayrı şəhərlərində radio yayımı 1920–30-cu illərdə başlamışdı. 1965-ci ildən TRT bütün ölkəni əhatə edən proqramlı yayıma keçib. 1968-ci ildə TRT-nin televiziya yayımı başlanıb. 1986-cı ilədək TRT ölkənin yeganə telekanalı olub.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
1 may 1881 – Fransız filosofu, antropoloq və paleontoloq Teyar de Şarden (Pierre Teilhard de Chardin; 1881–1955) anadan olub. Əsərləri: “Bəşəri mühit”, “İnsan fenomeni”.
1 may 1901 – Aşıq Bəhmən Göyçəli (Bəhmən İbrahim oğlu Qarayev; 1901–1976) anadan olub.
1 may 1910 – Xalq artisti, müğənni Sürəyya Sədrəddin qızı Qacar (1910–1992) Şuşada doğulub. Operalarda Leyli (“Leyli və Məcnun”, “Aşıq Qərib” və s.) əsas partiyalarda çıxış edib.
1 may 1924 – Rus yazıçısı Viktor Astafyev (1924–2001) anadan olub. Əsərləri: “Çar-balıq”, “Qəmli detektiv”, “Lənətlənmiş və öldürülmüşlər” və s.
1 may 1924 – Gürcü aktyoru və rejissoru David Abaşidze (1924–1990) anadan olub. Filmləri: “Qəm yemə”, “Pirosmani”, “Veri məhəlləsinin melodiyası”.
1 may 1928 – Əməkdar rəssam Tələt Ağalar oğlu Şıxəliyev (1928–1987) Masallı rayonunun Digah kəndində anadan olub. Yaradıcılığında portret janrı üstünlük təşkil edir.
1 may 1934 – Yazıçı, dramaturq İsi Abbas oğlu Məlikzadə (1934 – 12.5.1995) Ağcabədi rayonunda anadan olub. Əsərləri və ssenariləri əsasında filmlər (“Qoca palıdın nağılı”, “Kişi sözü”, “Küçələrə su səpmişəm” və s.) çəkilib.
1 may 1936 – Görkəmli dilçi alim, akademik Tofiq İsmayıl oğlu Hacıyev (1936 – 27.11.2015) Cəbrayıl rayonunun Soltanlı kəndində doğulub. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru olub.
1 may 1941 – Xalq rəssamı Mayis Əlişir oğlu Ağabəyov (1941 – 17.6.2020) Bakıda anadan olub. 20-dən çox filmin quruluşçu rəssamıdır: “Babək”, “Nizami”, “Qətl günü”, “Özgə vaxt” və s. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru olub.
1 may 1947 – Əməkdar incəsənət xadimi, bəstəkar Rauf Tofiq oğlu Əliyev (1947 – 14.6.2017) Şuşada anadan olub. Simfonik, instrumental və kamera əsərləri, filmlərə (“Yalan”, “Fəryad”) musiqi yazıb.
1 may 1950 – Görkəmli yazıçı, dramaturq, publisist Məmməd Səid Hacı Fəqir oğlu Ordubadi (24.3.1872 – 1950) vəfat edib. “Dumanlı Təbriz”, “Qılınc və qələm” və s. romanları ilə Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi sayılır.
Hazırladı: Vüqar Orxan