Aprelin 28-də Azərbaycan Mətbuat Şurasında Əməkdar jurnalist, “Bizim yol” qəzetinin və Bizimyol.info xəbər portalının baş redaktoru Bahəddin Həzinin 60 illik yubileyi ilə bağlı toplantı keçirilib.

Tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid yubilyarın həyat və yaradıcılıq yolu barədə məlumat verib. Bahəddin Həzini peşəkar qələm sahibi, prinsipial mövqeyi ilə seçilən, jurnalistikanın maraq və mənafeyini qoruyan həmkar kimi dəyərləndirən Rəşad Məcid ona Mətbuat Şurasının diplomunu təqdim edib.

Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli bildirib ki, Bahəddin Həzinin publisistikası Azərbaycan jurnalistikasının keçdiyi mürəkkəb mərhələlərin bələdçisidir. 

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı da yubilyarı səmimi keyfiyyətləri ilə seçilən həmkar olaraq xarakterizə edib və bildirib ki, bu cəhət onun yaradıcılığına da təsirini göstərib.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev həmkarını istedadın və təvazökarlığın nümunəsi adlandırıb. O, B.Həzinin ilk məqalələrinin çap olunduğu “Xəzər” jurnalını tədbir iştirakçılarına təqdim edib.

MŞ İdarə heyətinin üzvü, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli yubilyarın çətin günün dostu olduğunu vurğulayıb.

MŞ İdarə heyətinin üzvlərindən “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, APA Holdinqin rəhbəri Vüsalə Mahirqızı, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu,  “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, Milli Məclisin deputatı Aqil Abbas, şair və tərcüməçi Zakir Fəxri, şair-publisist Vaqif Bəhmənli, yazıçı Seyran Səxavət, jurnalistər Afaq Vasifqızı, Hikmət Sabiroğlu, jurnalist və nasir Fəxri Uğurlu, veteran jurnalist Əlövsət Ağalarov, teleaparıcı Rövşənə Ağasəfqızı, yazıçı Şərif Ağayar, sənətşünas Zülfiyyə Eldarqızı, “Gununsesi.info” saytının baş redaktoru Pərviz Həşimli, Qaynarinfo.az saytının baş redaktoru Zahir Əzəmət, vəkil Vüqar Kazımov, yazıçı və ədəbiyyatşünas Vaqif Sultanlı, “Mədəniyyət” qəzetinin baş redaktoru Vüqar Əliyev və başqaları B.Həzi haqqında fikirlərini bölüşüb, yubilyara xoş arzularını bildiriblər.