20-23 avqust tarixlərində Macarıstanın paytaxtı Budapeştdə 40-cı Beynəlxalq Xalq Sənətkarları Festivalı keçirilib.
Azərbaycan Milli Xalça Muzeyi artıq ikinci ildir ki, nüfuzlu beynəlxalq festivalda ölkəmizi uğurla təmsil edir.
Bu barədə muzeydən məlumat verilib.
Muzeyin stendində UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan xalçaçılıq və kəlağayı sənəti nümunələri, eləcə də bu sənət sahələrinə dair kitablar təqdim olunub.
Festival müddətində ziyarətçilər xalçatoxuma və kəlağayı sənəti üzrə ustad dərslərində də iştirak edərək bu sənət nümunələrinin hazırlanma texnologiyaları ilə yaxından tanış olublar. Onlara naxış və rənglərinin semantik mənaları haqqında ətraflı məlumat verilib.
Milli Xalça Muzeyi festivala Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Macarıstandakı Azərbaycan Evinin dəstəyi ilə qatılıb.
Tarixi Buda qalasında Macarıstan Xalq Sənətkarları Assosiasiyasının təşkilatçılığı ilə keçirilən festivalın əsas məqsədi xalq sənətinin müxtəlif istiqamətlərinin beynəlxalq səviyyədə tanıdılması, təbliği və sənətkarlar arasında mədəni əlaqələrin inkişaf etdirilməsidir.


























