Avqustun 20-də Azərbaycan muğam sənətinin böyük ustadı, Xalq artisti Xan Şuşinskinin (İsfəndiyar Aslan oğlu Cavanşirov; 1901–1979) anadan olmasının 125-ci ildönümü münasibətlə sənətkarın İkinci Fəxri xiyabandakı məzarı ziyarət olunub.

Mədəniyyət Nazirliyinin nümayəndələri, incəsənət xadimləri sənətkarın məzarını ziyarət edib, üzərinə gül dəstələri qoyublar.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova, nazirin müşaviri Cahangir Səlimxanov, Xalq artisti Əli Nur, Əməkdar artist Təyyar Bayramov, Xan Şuşinskinin oğlu Aslan Cavanşirov çıxış edərək ustad xanəndəni Azərbaycan muğam sənətinin inkişafındakı əvəzsiz xidmətlərindən söz açıblar.

Bildirilib ki, sənətkar özünəməxsus ifa tərzi, güclü səs imkanları və yüksək səhnə mədəniyyəti ilə Azərbaycan musiqi tarixində silinməz iz qoyub.

Qeyd olunub ki, Xan Şuşinskinin yaradıcılıq irsi milli musiqi mədəniyyətimizin qiymətli xəzinəsidir. Onun ifa etdiyi muğam və təsniflər bu gün də sevilərək dinlənilir, sənətkarın yaradıcılığı gənc xanəndələr üçün məktəb olaraq qalır.  Xan Şuşinskinin zəngin irsinin öyrənilməsi, qorunması və gələcək nəsillərə çatdırılması Azərbaycan mədəniyyətinin qarşısında duran vəzifələrdəndir.

***

20 avqust görkəmli dirijor və bəstəkar, Azərbaycanın və keçmiş SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazinin (Niyazi Zülfüqar oğlu Hacıbəyov-Tağızadə; 1912–1984) də doğum günüdür.

Maestronuin anadan olmasının 114-cü ildönümündə Fəxri xiyabandakı məzarı ziyarət olunub.

Mədəniyyət Nazirliyinin nümayəndələri, ictimai xadimlər, Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin əməkdaşları, incəsənət xadimləri Niyazinin məzarı önünə gül dəstələri düzüblər.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova, mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova çıxış edərək Niyazinin Azərbaycan musiqi mədəniyyətinin inkişafında mühüm xidmətlərindən, zəngin yaradıcılıq irsindən və milli musiqi sənətinin dünyada tanıdılmasında rolundan danışıblar.

Çıxışlarda qeyd olunub ki, Niyazi özünəməxsus yaradıcılıq dəst-xəti, yüksək peşəkarlığı və sənətə bağlılığı ilə Azərbaycan musiqi tarixində silinməz iz qoyub. Onun dirijor və bəstəkar kimi fəaliyyəti milli musiqi məktəbinin inkişafına böyük töhfə verib. Sənətkarın əsərləri və ifaçılıq ənənələri bu gün də musiqi ictimaiyyəti tərəfindən yaşadılır.

Bildirilib ki, Niyazinin zəngin irsinin qorunması, öyrənilməsi və gələcək nəsillərə çatdırılması istiqamətində müxtəlif layihələr həyata keçirilir. Onun sənət yolu Azərbaycan musiqi mədəniyyətinin parlaq səhifələrindən biri kimi daim ehtiramla yad olunur.