Xəbər verildiyi kimi, avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına dövlət səfəri başlanıb.
“Daşkənd-Xumo” Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva qarşılayıblar.
Səfər proqramına uyğun olaraq, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Daşkənddə Müstəqillik abidəsini ziyarət ediblər.
Abidə Özbəkistanın müstəqilliyinin 30 illiyi münasibətilə “Yangi Uzbekiston” (“Yeni Özbəkistan”) kompleksinin mərkəzində ucaldılıb. Müstəqillik abidəsini sülh, azadlıq, xeyirxahlıq və xoşbəxtliyi tərənnüm edən, qanadları geniş açılmış Humay quşunun obrazı tamamlayır.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Daşkənddəki Heydər Əliyev meydanına gəlib, Azərbaycanın Ümummilli Liderinin barelyefi önünə gül dəstələri qoyublar.
***
Avqustun 23-də Daşkənddəki “Kuksaroy” Dövlət İqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və birinci xanım Ziroatxon Mirziyoyeva Daşkənddə “Kuksaroy” Dövlət İqamətgahında birgə foto çəkdiriblər.
Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyevin ilə təkbətək görüşü olub.
***
Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimində onlayn formatda iştirak ediblər.
“Davr Bank” (AR Beynəlxalq Bankı), Gips zavodu (“Matanat-A”), “Landau” adına STEAM (Science, Technology, Engineering, and Mathematics) iki məktəb (“Landau Education Group”) layihələrinin açılışı olub. Həmçinin SOCAR-ın beş yeni yanacaqdoldurma məntəqəsinin, “Sea Breeze Uzbekistan” yaşayış və istirahət kompleksinin (“Agalarov Development”), “Baku City” yaşayış kompleksinin (“TuranAZ”), Gümüş tərkibli filizin emalı üzrə zənginləşdirmə fabrikinin (“Sur Gold and Silver Project”) və Meyvə bağlarının (“Gold Fresh Fruits”) layihələrinin təməlqoyma mərasimi keçirilib.
***
Avqustun 23-də Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib.
Prezident Şavkat Mirziyoyev Özbəkistanın ali dərəcəli “Dostluq” ordenini dövlətimizin başçısına təqdim edib.
Prezident İlham Əliyev Azərbaycanın “Heydər Əliyev” ordenini Özbəkistanın dövlət başçısına təqdim edib.
***
Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan və Özbəkistan sənədlərinin imzalanma, həmçinin ölkələrimiz arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub.
Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”ni və “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının üçüncü iclasının Qərarı”nı imzalayıblar.
***
Bildiyimiz kimi, Azərbaycan-Özbəkistan münasibətləri artıq strateji müttəfiqlik xarakteri daşıyır. 2022-ci ildən, prezidentlərin təmaslarından sonra Özbəkistan-Azərbaycan münasibətləri yeni mərhələyə, yeni səviyyəyə qədəm qoydu.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu fikirləri Daşkənddə jurnalistlərə müsahibəsində söyləyib.
O qeyd edib ki, həmin dövrdən bəri iki dövlət arasındakı münasibətlər strateji tərəfdaşlıqdan müttəfiqliyə yüksəlib, indi isə əbədi dostluq münasibətləri xarakteri daşıyır. Bu, Azərbaycanın diplomatik təcrübəsində bir ilkdir və biz belə bir addımı ilk dəfə Özbəkistanla atırıq.
Xalqlarımızın onsuz da əbədi dost olduqlarını, Azərbaycanla Özbəkistan arasında tarixi bağlantıların mövcudluğunu xatırladan H.Hacıyev deyib: “Biz bunu hətta Əlişir Nəvainin, digər özbək ədiblərin əsərlərində, həmçinin xalqlarımızı birləşdirən başqa ədəbi əsərlərdə və dostluq münasibətlərində görə bilərik. Xalqlarımızın iradəsindən, ortaq tariximizdən, mədəni köklərimizdən irəli gələrək bu səfər çərçivəsində dövlət başçıları tərəfindən əbədi dostluq münasibətləri haqqında sənəd imzalanacaq. Başqa sözlə desək, yəni artıq de-fakto, tarixə əsaslanan Azərbaycan-Özbəkistan əbədi dostluğu siyasi müstəvidə də əbədi dostluq xarakteri daşıyır”.






























