Xəbər verdiyimiz kimi, avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan və Özbəkistan sənədlərinin imzalanma, həmçinin ölkələrimiz arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub.
Dövlət başçıları “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”ni və “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının üçüncü iclasının Qərarı”nı imzalayıblar.
Həmçinin iki ölkənin aidiyyəti qurumları arasında müvafiq sahələrə dair əməkdaşlıq sənədləri mübadilə edilib.
“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov mübadilə ediblər.
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Özbəkistan Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Gömrük Komitəsi arasında kinologiya sahəsində təcrübə mübadiləsi və əməkdaşlıq haqqında memorandum, Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında saziş, "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard ABŞ dollarına çatdırılması üzrə Proqram” və “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında investisiyalar və ticarət sahələrində layihələrin həyata keçirilməsi üzrə Praktiki Fəaliyyət Planı” (Yol Xəritəsi)” mübadilə edilib.
Bundan əlavə, “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Özbəkistan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2027-2028-ci illər üçün Əməkdaşlıq Proqramı”, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Özbəkistan Respublikasının Ədliyyə Nazirliyi arasında 2027-2028-ci illər üçün Əməkdaşlıq Proqramı”, eləcə də “Xankəndi şəhəri (Azərbaycan Respublikası) ilə Ürgənc şəhəri (Özbəkistan Respublikası) arasında qardaşlaşma münasibətlərinin qurulması haqqında Protokol”, “Naxçıvan şəhəri (Azərbaycan Respublikası) ilə Ürgənc şəhəri (Özbəkistan Respublikası) arasında qardaşlaşma münasibətlərinin qurulması haqqında Protokol” və “Laçın şəhəri (Azərbaycan Respublikası) ilə Buxara şəhəri (Özbəkistan Respublikası) arasında qardaşlaşma münasibətlərinin qurulması haqqında Protokol”un mübadiləsi olub.



















