Milli Kitabxananın nəzdində fəaliyyət göstərən "Açıq kitabxana"da K.Kərimov adına 8 nömrəli tam orta məktəbin I və V sinif şagirdlərinin iştirakı ilə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tədbir keçirilib.

Kitabxanadan bildirilib ki, tədbirdə bu əlamətdar günün tarixindən danışılıb, uşaqlara qayğı göstərilməsi istiqamətində Azərbaycanda həyata keçirilən tədbirlər haqqında məlumat verilib.

Azərbaycanda uşaqlarla bağlı siyasətin əsasının Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulması, həmin illərdə uşaqlarla bağlı problemlərin həllini özündə əks etdirən qanunlar, dövlət proqramları və tədbirlər planının qəbul edilməsindən bəhs olunub.

Prezident İlham Əliyevin uşaqlara sevgisi vurğulanıb, ölkəmizdə uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən çoxşaxəli təşəbbüslərin uğurla reallaşdırılmasında Heydər Əliyev Fondunun rolundan danışılıb, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara, şəhid və qazi övladlarına diqqət və qayğısı qeyd edilib.

Tədbirin davamında məktəblilər şeir səsləndiriblər. Milli Kitabxana tərəfindən şagirdlərə kitablar hədiyyə edilib.

Sonda Milli Kitabxana tərəfindən hazırlanmış “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” adlı fotolar, dövri mətbuat materialları və kitabların nümayiş edildiyi virtual sərgi təqdim edilib.