Mayın 30-da Beynəlxalq Muğam Mərkəzində (BMM) gənc pianoçu Cəmil Sədizadənin “Renessans” adlı solo konserti keçirilib. Musiqisevərlərin böyük maraq göstərdiyi konsert ifaçının parlaq çıxışı ilə yadda qalıb.
Cəmil Sədizadə Azərbaycan və dünya bəstəkarlarının seçilmiş əsərlərini səsləndirərək dinləyicilərə unudulmaz musiqi axşamı bəxş edib. Gənc pianoçunun virtuoz ifası, əsərlərə fərdi yanaşması tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Qeyd edək ki, Prezident təqaüdçüsü və çoxsaylı beynəlxalq müsabiqələrin laureatı olan Cəmil Sədizadə Nyu-Yorkda yerləşən “Manhattan School of Music” ali musiqi ocağının fortepiano bölməsinə qəbul olan dünya üzrə 20 musiqiçidən biridir.
2008-ci ildə Bakıda anadan olan Cəmil Sədizadə fortepiano təhsilinə 2014-cü ildə Rauf Hacıyev adına 15 nömrəli musiqi məktəbində başlayıb. 2015-ci ildən etibarən Estoniya, Bolqarıstan, İspaniya, İsrail, Rusiya, İtaliya, Gürcüstan, Çexiya və s. ölkələrdə keçirilən beynəlxalq müsabiqələrdə iştirak edib, dəfələrlə laureat adına layiq görülüb. Onun uğurları arasında 2017-ci ildə Kreml Sarayında “Nəsillərin melodiyası” V Beynəlxalq Musiqi Festivalında çıxışı xüsusi yer tutur. Gənc pianoçu burada Rusiya Prezidenti Orkestrinin müşayiəti ilə ifa edib.
Həmin il Prezident təqaüdünə layiq görülən Cəmil Sədizadə 2018-ci ilin yanvarında Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Zirvəyə doğru” adlı ilk solo konsertini təqdim edib. Konsertdə o, Xalq artisti Rauf Abdullayev dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ilə birgə çıxış edib. Həmin ilin may ayında UNESCO-nun təşkilatçılığı ilə Parisdə keçirilən və Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş konsert proqramında solo ifası da onun uğurları sırasındadır.
2022-ci ildə Heydər Əliyev Sarayında keçirilən “Qəlblərin fatehi” adlı ikinci solo konserti də böyük maraqla qarşılanıb.
Gənc pianoçunun BMM-də keçirilən “Renessans” adlı konserti onun yaradıcılıq potensialını bir daha nümayiş etdirib.























