Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı Moldovanın paytaxtı Kişineuda keçirilən XIV BITEI Beynəlxalq Teatr Festivalında iştirak edib.

Azərbaycanın Mədəniyyət Nazirliyi və Moldovadakı səfirliyimizin dəstəyi ilə gerçəkləşən səfər zamanı mayın 28-də Jan Koktonun “Biganə yaraşıqlı” əsəri əsasında səhnələşdirilən “Biganə məşuq” tamaşası nümayiş olunub.

İkinəfərlik tamaşada Aydan Həsənzadə və Mirzə Ağa Mirzəyev iştirak ediblər. Səhnə əsərinin quruluşçu rejissoru və musiqi tərtibatçısı Aydan Həsənzadədir.

Festivalda Azərbaycanla yanaşı Türkiyə, Rumıniya, Ukrayna, Gürcüstan, Cənubi Koreya, Fransa – ümumilikdə 11 ölkə təmsil olunub.

Azərbaycan aktyorlarının oyunu böyük maraqla qarşılanıb.

Qeyd edək ki, BITEI 2026 beynəlxalq teatr festivalı müxtəlif ölkələrin teatr kollektivləri arasında yaradıcılıq mübadiləsinin genişlənməsinə, milli teatr sənətinin beynəlxalq miqyasda tanıdılmasına zəmin yaradır.