29-30 may tarixlərində İçərişəhərdə “Qarabağın mədəniyyət xəritəsi – hər rayonun öz səsi” adlı festival keçirilir.

“Qeyd – Sosial Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tərəfdaşlığı ilə keçirilən tədbirdə Qarabağ Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələr də iştirak edir.

Açılış mərasimində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi idarə heyətinin sədri Rüfət Mahmud, Milli Məclisin deputatları Günay Əfəndiyeva, ​Nigar Arpadarai, Ceyhun Məmmədov, Hikmət Quliyev, Vüqar İskəndərov, “Qeyd – Sosial Maarifləndirmə” İB-nin baş katibi Aysel Tahirova, layihə rəhbəri Samirə Novruzova çıxış ediblər.

Qeyd olunub ki, festivalın məqsədi Qarabağın zəngin mədəni irsini, milli və mənəvi dəyərləri təbliğ etmək, bölgənin mədəni potensialını tanıtmaqdır.

Tədbir iştirakçıları Qarabağın müxtəlif rayonlarının mədəni irsi, milli musiqisi və sənətkarlıq ənənələri ilə yaxından tanış olmaq imkanı qazanıblar.

Festival çərçivəsində sərgilər, milli irsi əks etdirən stendlər nümayiş etdirilir, konsert proqramları, maarifləndirici təqdimatlar keçirilir.