28 May – Müstəqillik Günü münasibətilə Bakı Xoreoqrafiya Akademiyasının tədris işləri üzrə prorektoru, rektor vəzifəsini icra edən, Əməkdar artist Nailə Məmməd-Zadə akademiyanın professor-müəllim heyətini, əməkdaşlarını və tələbələrini təbrik edib.

Təbrikdə deyilir:

Hörmətli professor-müəllim heyəti, dəyərli əməkdaşlar, əziz tələbələr!

Sizi Azərbaycan xalqının milli dövlətçilik tarixinin ən parlaq və şərəfli səhifələrindən biri olan 28 May – Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, xoşbəxtlik, yeni yaradıcılıq uğurları və Azərbaycan mədəniyyətinin inkişafı naminə fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması xalqımızın azadlıq və istiqlal arzularının gerçəkləşməsi, milli dövlətçilik ənənələrinin bərpası və müasir müstəqil Azərbaycan dövlətinin təməlinin qoyulması baxımından mühüm tarixi hadisə olmuşdur. Şərqdə ilk demokratik parlamentli respublika kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində xalq hakimiyyəti, hüquqi dövlət quruculuğu, milli təhsil və mədəniyyətin inkişafı istiqamətində mühüm addımlar atmış, gələcək nəsillər üçün zəngin siyasi və mənəvi irs formalaşdırmışdır.

Azərbaycan xalqı əsrlər boyu öz milli kimliyini, mədəniyyətini və mənəvi dəyərlərini qoruyaraq müstəqillik ideallarına sadiqliyini nümayiş etdirmişdir. XX əsrin sonlarında xalqımızın iradəsi və ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində Azərbaycanın dövlət müstəqilliyi möhkəmləndirilmiş, ölkəmiz sabitlik, tərəqqi və inkişaf yoluna qədəm qoymuşdur. Bu siyasi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmiz beynəlxalq aləmdə öz gücü, nüfuzu və mədəni potensialı ilə seçilən müasir dövlət kimi tanınır.

Müstəqil Azərbaycanın əldə etdiyi uğurlar milli mədəniyyətimizin, incəsənətimizin və təhsilimizin inkişafında da mühüm rol oynayır. Dövlətimizin mədəniyyət sahəsinə göstərdiyi yüksək diqqət və qayğı nəticəsində Azərbaycan incəsənəti dünya miqyasında layiqincə təmsil olunur, milli rəqs sənətimiz beynəlxalq arenada böyük maraq və rəğbətlə qarşılanır.

Bakı Xoreoqrafiya Akademiyası da ölkəmizin aparıcı ali təhsil və mədəniyyət ocaqlarından biri kimi milli xoreoqrafiya sənətinin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm fəaliyyət həyata keçirir. Akademiyanın professor-müəllim heyətinin zəhməti, peşəkarlığı və yaradıcı fəaliyyəti sayəsində istedadlı gənclər yetişir, Azərbaycan rəqs məktəbinin ənənələri yaşadılır və yeni yaradıcılıq uğurları qazanılır.

Əziz tələbələr!

Siz müstəqil Azərbaycanın gələcəyi, milli mədəniyyətimizin və incəsənətimizin sabahısınız. İnanıram ki, sizlər yüksək biliyiniz, sənətə sevginiz və vətənpərvərlik ruhunuzla Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə daha da tanınmasına öz töhfənizi verəcəksiniz. Dövlətimizin yaratdığı geniş imkanlardan səmərəli istifadə edərək milli-mənəvi dəyərlərimizi yaşatmaq və inkişaf etdirmək hər birimizin müqəddəs vəzifəsidir.

Hörmətli həmkarlar!

Müstəqillik bizə yalnız azad yaşamaq hüququ deyil, eyni zamanda milli dəyərlərimizi qorumaq, elmimizi, təhsilimizi və mədəniyyətimizi inkişaf etdirmək məsuliyyəti də qazandırmışdır. Əminəm ki, Bakı Xoreoqrafiya Akademiyasının kollektivi bundan sonra da öz fəaliyyəti ilə ölkəmizin mədəni həyatına mühüm töhfələr verəcək, Azərbaycan xoreoqrafiya sənətinin inkişafı naminə yeni uğurlara imza atacaqdır.

Bir daha sizi 28 May – Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə firavan həyat, əmin-amanlıq, yüksək yaradıcılıq enerjisi və fəaliyyətinizdə davamlı uğurlar arzulayıram.

Bayramınız mübarək!