Aprelin 17-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin baş dirijoru Fuad İbrahimovun rəhbərliyi ilə rusiyalı bəstəkar Gennadi Rovnerin əsərlərindən ibarət konsert proqramı təqdim olunub.

Konsertdən əvvəl Azərbaycan Milli Konservatoriyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Jalə Qulamova bəstəkarın yaradıcılığı və ifa olunacaq əsərləri haqqında ətraflı məlumat verib.

Proqramın birinci hissəsində bəstəkarın “Metamorfozlar” əsəri (doqquz hissədə) səsləndirilib. İfa zamanı dinləyicilər əsərin dərin fəlsəfi məzmunu və zəngin musiqi dili ilə yaxından tanış olublar. Solistlər – Nəzrin Aslanlı (violin), Nigar Cəfərova (soprano), həmçinin solo partiyalarda Zaman Həsənov (alt saksofon) və Boris Paşkin (akkordeon) uğurlu çıxışları ilə fərqləniblər.

Konsertin ikinci hissəsində bəstəkarın piano, simli kvartet və orkestr üçün “Anabasis” əsərinin dünya premyerası təqdim olunub. Dörd hissədən ibarət bu əsər musiqisevərlər tərəfindən böyük maraq və alqışla qarşılanıb. Solist qismində pianoçu Xalq artisti Murad Adıgözəlzadə çıxış edib. Simli kvartetin tərkibində Şəhla İbrahimova və Nigar Vəliyeva (violin), Bəxtiyar Axundov (viola) və Əyyub Əliyev (violonçel) yer alıblar.

Sənət axşamında Gennadi Rovner özü də iştirak edib. O, konsertdən sonra musiqiçlərə nümayiş etdirdikləri yüksək peşəkarlığa görə təşəkkür edib.