18-19 iyun tarixlərində Naxçıvanda "Qərbi Azərbaycana qayıdış” adlı 3-cü festival-konqres keçiriləcək.
Festival-konqres Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti (NDU) və Qərbi Azərbaycan İcması tərəfindən birgə təşkil olunur.
NDU-dan bildirilib ki, festival-konqresin ilk tədbiri Naxçıvan şəhərində, ikinci tədbiri Batabat yaylağı ərazisində, üçüncü tədbiri isə Ordubad şəhərində olacaq.
Konqres çərçivəsində alimlər, tədqiqatçılar və ictimai xadimlər Qərbi Azərbaycan həqiqətləri, tarixi irs və qayıdış perspektivləri ilə bağlı məruzələrlə çıxış edəcəklər. Proqramda panel müzakirələr və elmi təqdimatlar əsas yer tutur.
Tədbirin festival hissəsində isə milli-mədəni dəyərləri əks etdirən təqdimatlar, incəsənət nümunələri nümayiş olunacaq və ictimai həmrəyliyə təşviq edən tədbirlər keçiriləcək.



















