Aprelin 21-də Bakı Kitab Mərkəzində Azərbaycanın ictimai və mədəni həyatında iz qoymuş “Bakılı oğlanlar” ŞHK komandasının əfsanəvi kapitanı Anar Məmmədxanovun (1970–2011) xatirəsinə həsr edilən “Özünə sadiq ömür: Anarsız 15 il” adlı tədbir keçirilib.

Anar Məmmədxanovun vəfatının 15-ci ildönümü münasibətilə təşkil olunan tədbirin əsas məqsədi onun həyat yolunu, yaradıcılıq irsini, Azərbaycan gəncliyinə, yumor mədəniyyətinə və ictimai həyata verdiyi töhfələri bir daha xatırlatmaq və bu irsi gələcək nəsillərə çatdırmaq olub.

“Xəzər” Media Mərkəzinin baş direktoru Murad Dadaşov çıxışında Anar Məmmədxanovla bağlı xatirələrini bölüşərək onunla olan dostluq münasibətlərindən danışıb. Qeyd edib ki, Anar Məmmədxanov yalnız səhnədə deyil, real həyatda da insanları birləşdirməyi bacaran, pozitiv enerjisi ilə seçilən bir şəxsiyyət idi.

Mərhumun həyat yoldaşı İradə Məmmədxanova onun ailə dəyərlərinə sadiqliyindən, insani keyfiyyətlərindən və hər zaman yaxınlarına göstərdiyi diqqət və qayğıdan bəhs edib. Bildirib ki, Anar Məmmədxanov ailəsi üçün dərin mənəviyyata malik bir insan idi.

Xalq yazıçısı Elmira Axundova müəllifi olduğu "Anar Məmmədxanov. Kapitanın taleyi” kitabı barədə məlumat verib. Qeyd edib ki, kitab müxtəlif insanların xatirələri əsasında formalaşıb və Anarın həyat yolunu daha geniş auditoriyaya çatdırmaq məqsədi daşıyır.

Milli Məclisin deputatı Səməd Seyidov üç çağırış parlamentin üzvü olmuş Anar Məmmədxanovun dərin vətən sevgisindən, yüksək intellektindən və təşkilatçılıq bacarıqlarından danışaraq onun Azərbaycan ictimai həyatında xüsusi yer tutduğunu vurğulayıb. 

Anar Məmmədxanovun oğlu İslam Məmmədxanov da atasının vətənə bağlılığından söz açaraq onun hər zaman Azərbaycanın adını uca tutmağa çalışdığını bildirib. O, atasının irsinin ailələri üçün böyük məsuliyyət olduğunu qeyd edib.

Milli Məclisin deputatı Asim Mollazadə, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə, "Anar Məmmədxanov. Kapitanın taleyi” kitabını Azərbaycan dilində tərcümə edən Rəbiqə Nazimqızı Anar Məmmədxanovun ictimai fəaliyyətdəki rolundan və cəmiyyət üçün gördüyü işlərdən, insani keyfiyyətlərindən bəhs ediblər. 

Tədbir çərçivəsində Anar Məmmədxanova həsr olunmuş film nümayiş olunub.

Sonda çıxış edən incəsənət nümayəndələri Anar Məmmədxanov haqqında xatirələrini bölüşərək onun Azərbaycan mədəniyyətindəki rolunu xüsusi vurğulayıblar. Qeyd ediblər ki, Anar Məmmədxanovun yaratdığı ruh və enerji bu gün də yaşayır və yeni nəsillərə ilham verir.