Tarixdəki olaylar

 

26 fevral 1926 – Bakıda Birinci Türkoloji Qurultay açılıb. Martın 6-dək davam edən qurultayda Sovet İttifaqı və xarici ölkələrdən 100-dən çox nümayəndə iştirak edib. SSRİ-də yaşayan türkdilli xalqların əksəriyyətinin təmsil olunduğu qurultayda latın qrafikalı yeni əlifbaya keçidin prinsipləri də işlənib hazırlanmışdı.

 

26 fevral 1992 – Erməni silahlı dəstələri Xankəndi şəhərindəki keçmiş Sovet ordusunun 366-cı alayının erməni zabitlərinin də iştirakı ilə Azərbaycanın Qarabağ bölgəsindəki Xocalı şəhərində soyqırımı törədiblər. 613 nəfər azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca vəhşiliklə qətlə yetirilib. Şəhərin 1275 sakini əsirlik dəhşətini yaşadıqdan sonra azadlığa buraxılıb. 150 nəfərin aqibəti naməlum olaraq qalıb.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

26 fevral 1564 – İngilis şairi və dramaturqu Kristofer Marlo (Christopher Marlowe; 1564 – 30.5.1593) anadan olub.

 

26 fevral 1802 – Fransız yazıçısı, şair, dramaturq Viktor Hüqo (Victor-Marie Hugo; 1802 – 22.5.1885) anadan olub. “Səfillər”, “Gülən adam”, “Paris Notr-Dam kilsəsi” və s. romanların müəllifidir.

 

26 fevral 1892 – Məşhur musiqiçi Leopold Vitoldoviç Rostropoviç (1892 – 31.7.1942) Rusiyanın Voronej şəhərində doğulub. 1925-ci ildə ailəsi ilə Bakıya köçüb, 1931-ci ilədək burada yaşayıb. Konservatoriyanın professoru kimi pedaqoji fəaliyyət göstərib,  Azərbaycanda ilk simli kvartetin yaradıcılarından biri olub.

 

26 fevral 1927 – Aktyor, rejissor, teatr təşkilatçısı Ələkbər Süheyli (Ələkbər Fərəculla oğlu Əliyev; 1879–1927) vəfat edib. Akademik Dram Teatrında, Bakı Türk İşçi Teatrında çalışıb. Milli aktrisaların olmadığı illərdə qadın rollarını oynayıb.

 

26 fevral 1951 – Fəlsəfə elmləri doktoru, mədəniyyətşünas, yazıçı-publisist Niyazi Musa oğlu Mehdi (1951 – 28.2.2025) Bakıda anadan olub.

 

Hazırladı: Vüqar Orxan