Qəbələ Dövlət Tarix-Bədii Qoruğu rayonun Nic qəsəbə 1 saylı tam orta məktəbin müəllim və şagird kollektivinin iştirakı ilə “Xocalı soyqırımı – qan yaddaşımız” mövzusundakı tədbir təşkil edib.

Qoruqdan verilən məlumata görə, Qəbələ Arxeoloji Mərkəzinin akt zalında keçirilən toplantıda öncə Xocalı soyqırımı qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qoruğun direktoru Zahir Kərimov, Nic qəsəbə 1 saylı tam orta məktəbin müəllimləri Vadim Quvasaari, Leyla Ağayeva və Bahadur Rəşidli çıxış edərək Xocalı soyqırımından, Azərbaycan xalqının erməni millətçi-şovinistlərinin etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalması, xalqımız tarixi torpaqlarından qovulmasından söz açıblar.

Vurğulanıb ki, 1992-ci ilin 26 fevralında baş vermiş Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalıda ermənilərin törətdiyi kütləvi qırğın dünyanın bir sıra ölkələri tərəfindən soyqırımı kimi tanınıb. Diqqətə çatdırılıb ki, artıq xalqımız “Ana harayı” abidəsini alnıaçıq, başıuca ziyarət edir, çünki düşməndən bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alınıb.

Şagirdlər “Biz qayıtmışıq, Xocalı!” adlı bədii kompozisiya təqdim ediblər.