Tarixdəki olaylar

 

23 fevral 1918 – Ümumrusiya Müəssislər Məclisinə Cənubi Qafqazdan seçilmiş deputatlar Tiflisdə bir araya gələrək Zaqafqaziya Seymini yaratmaq barədə qərar qəbul ediblər. Seymə gürcülərin sosial-demokrat (menşevik), ermənilərin “Daşnaksütyun” partiyaları, Azərbaycandan isə “Müsavat” partiyası, eləcə də “İttihad”, “Hümmət”, müsəlman-sosialist  qruplarının deputatları daxil olub. Azərbaycan fraksiyasına (44 nəfər) Məhəmməd Əmin Rəsulzadə başçılıq edirdi. Seym 22 apreldə işə başladı və bir ay ömrü oldu. 

 

23 fevral 1944 – Stalinin əmri ilə çeçen və inquşların Orta Asiyaya deportasiyası başlanıb. Rusiya Federasiyası tərkibində Çeçen-İnquş Muxtar Respublikası ləğv edilib. Sovet rəhbərliyi deportasiyanı çeçen və inquşların guya faşist Almaniyasına rəğbəti ilə əsaslandırmışdı. Ümumilikdə 500 minə yaxın insan köçürülmüşdü. 1956-cı ildə çeçen və inquşlar reabilitasiya edildi, bir il sonra RF tərkibində Çeçen-İnquş Muxtar Respublikası bərpa olundu. 1992-ci ildə MR iki yerə (Çeçenistan və İnquşetiya) bölündü.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

23 fevral 1685 – Alman bəstəkarı Georq Hendel (Georg Friedrich Händel; 1685 – 14.4.1759) anadan olub.

 

23 fevral 1878 – Polyak əsilli rusiyalı rəssam Kazimir Severinoviç Maleviç (1878 – 15.5.1935) Kiyevdə doğulub. Təsviri sənətdə abstraksionizmin tanınmış nümayəndələrindən biridir.

 

23 fevral 1878 – Tatar yazıçı-publisisti Qayaz İshaki (1878 – 22.7.1954) anadan olub. Rusiya müsəlmanlarının liderlərindən olub, sovetləşmədən sonra Almaniya və Türkiyədə yaşayıb, Ankarada vəfat edib.

 

23 fevral 1909 – Əməkdar elm xadimi, ədəbiyyatşünas alim, akademik Həmid Məmmədtağı oğlu Araslı (1909 – 20.11.1983) Gəncədə anadan olub.

 

23 fevral 1911 – Xalq artisti, rejissor, Azərbaycan musiqili teatrının yaradıcılarından Şəmsi Bədəl bəy oğlu Bədəlbəyli (1911 – 23.5.1987) Şuşada doğulub. Filarmoniyanın, Musiqili Komediya Teatrının direktoru işləyib. Azərbaycan Teatr Cəmiyyətinin (indiki Teatr Xadimləri İttifaqı) sədri olub. “O qızı tapın”, “Axırıncı aşırım” və s. filmlərdə çəkilib.

 

23 fevral 1926 – Əməkdar memar Fərman Həsənqulu oğlu İmamquliyev (1926 – 12.11.1996) Gəncədə doğulub. Gəncə şəhərinin baş memarı olub, Nizami məqbərəsinin layihə müəllifidir.

 

23 fevral 1928 – Akademik, coğrafiyaşünas, tarix və toponimika sahəsində əsərlərin müəllifi Budaq Əbdüləli oğlu Budaqov (1928 – 1.11.2012) Ermənistan SSR Zəngibasar rayonu Çobankərə kəndində doğulub.

 

23 fevral 1938 – Tarix elmləri doktoru, etnoqraf Qəmərşah Cavadov (1938 – 27.4.2005) Quba rayonunun Aydınkənd kəndində anadan olub.

 

23 fevral 1943 – Şair, tərcüməçi, publisist Səyavuş Əli oğlu Sərxanlı (1943 – 1.7.2005) anadan olub.

 

23 fevral 1943 – Rejissor, aktyor Ədalət Ziyadxanov (1946 – 12.9.2018) Bakıda anadan olub. Şəki, Ağdam teatrlarında, Bakı Bələdiyyə Teatrında tamaşalar qoyub. Mədəniyyət və İncəsənət Universitetində dərs deyib.

 

23 fevral 1944 – Əməkdar mədəniyyət işçisi Nurəddin Məmməd oğlu Tağıyev (1944 – 1.10.2011) Tbilisidə doğulub. Televiziyada sənədli filmlərin rejissoru olub, Azərbaycan Dövlət Rəsm Qalereyasının direktor müavini işləyib.

 

23 fevral 1952 – Əməkdar artist Əlican Süleyman oğlu Əzizov (1952 – 10.2.2021) anadan olub. Gəncə Dövlət Dram Teatrında, Nizami Poeziya teatrında aktyor kimi çalışıb, filmlərdə çəkilib.

 

23 fevral 2003 – Xalq artisti, görkəmli teatr və kino aktyoru  Həsənağa Səttar oğlu Turabov (24.3.1938 – 2003) vəfat edib. Akademik Milli Dram Teatrında çalışıb, teatra rəhbərlik (1987–2001) edib.

 

23 fevral 2022 – Xalq artisti, mahir qaboy ifaçısı Kamil Cəlil oğlu Cəlilov (29.1.1938 – 2022) vəfat edib. Ə.Bakıxanov adına xalq çalğı alətləri, “Dan ulduzu” instrumental ansambllarının solisti olub.

 

23 fevral 2025 – Kino xadimi, film direktoru Aydın Bağır oğlu İmrani (25.5.1948 – 2025) vəfat edib.

 

 Hazırladı: Vüqar Orxan