Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini, pianoçu, Xalq artisti Murad Hüseynov Avstriyaya səfər edib. O, səfər çərçivəsində Vyana, Ayzenştadt, Zalsburq və İnnsbruk şəhərlərində beynəlxalq musiqi fondları, ali təhsil müəssisələri, musiqi məktəbləri, orkestr və musiqi menecmenti agentliyi, dizayn və memarlıq büroları rəhbərləri ilə görüşlər keçirib.

Dahi Avstriya bəstəkarı Yozef Haydnın Ayzenştadt şəhərindəki ev-muzeyində Murad Hüseynovun Beynəlxaq Yozef Haydn Fondunun direktoru Valter Rayxer ilə görüşü olub.

Ölkələrimiz arasındakı mədəni əlaqələrin inkişaf etdiyini vurğulayan nazir müavini Üzeyir Hacıbəyli və Yozef Haydn kimi dahi bəstəkarların təkcə öz xalqlarının deyil, eyni zamanda, bütün bəşəriyyətin mədəni irsinə töhfə verdiklərini və mədəniyyətin inkişafında böyük rol oynadıqlarını qeyd edib.

Klassik musiqi sahəsi, eləcə də mədəniyyət menecmenti və mədəniyyət sahəsində kadrların yetişdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Avstriyadakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova iki ölkə arasında mədəni əlaqələrin möhkəmlənməsində mərkəzin fəaliyyəti barədə məlumat verib, Avstriyanın ən tanınmış fondlarından olan Haydn Fondu ilə əməkdaşlıq perspektivlərindən bəhs edib.

Tərəflər gələcəkdə Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı və Yozef Haydn Beynəlxalq Festivalı çərçivəsində musiqiçilərin qarşılıqlı iştirakı, simpoziumlara qatılmaq, həmçinin mədəniyyət sahəsində çalışan rəhbər və peşəkar şəxslər üçün təlim və məruzələrin təşkili barədə danışıblar.

***

Mədəniyyət nazirinin müavini Murad Hüseynovun Vyana Kamera Orkestrinin icraçı direktoru, Avstriyanın aparıcı beynəlxalq “Buchmann GmbH” incəsənət agentliyinin rəhbəri Xristian Buxman ilə görüşündə klassik musiqi sahəsində qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan bəstəkarlarının əsərlərinin Avropada səsləndirilməsi, eləcə də hər iki ölkədən musiqiçilərin müvafiq olaraq digər ölkədə layihələrdə iştirakından bəhs olunub.

Dünyanın müxtəlif ölkələrində hər il yüzdən artıq konsertlə çıxış edən orkestrin rəhbəri Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzi ilə həyata keçirilən uğurlu layihələri qeyd edib və gələcəkdə də Azərbaycan mövzusunda layihələrdə iştirakda maraqlı olduqlarını ifadə edib.

Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan“ operettasının ötən il Vyanada alman dilində müasir quruluşda təqdimatı barədə məlumat verib.

***

Mədəniyyət nazirinin müavini Murad Hüseynov Avstriyaya səfəri çərçivəsində Vyana şəhərində dizayn və kreativ yaradıcılıq sahəsində beynəlxalq səviyyədə tanınmış “Veech X Veech” memarlıq bürosunun rəhbərləri Stüart Vix və Maşa Vix-Kosmaçov ilə görüşüb.

Görüş zamanı mədəniyyət, dizayn və kreativ sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub, memarlıq bürosunun fəaliyyət sahəsi və layihələri haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, büro Avstriya və beynəlxalq səviyyədə layihələrin dizayn konsepsiyalarının hazırlanması, kreativ strategiya və brend inkişafı üzrə fəaliyyət göstərir. Birgə layihələrin təşkili barədə fikir mübadiləsi aparılıb.

***

Murad Hüseynov Zalsburq şəhərində Beynəlxalq Motsarteum Fondunun prezidenti Yohannes Honsiq-Erlenburq ilə də  görüşüb. Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova və Beynəlxalq Motsarteum Fondunun icraçı direktoru Linus Klumpner də görüşdə iştirak ediblər.

Tərəflər birgə konsert proqramlarının təşkili, ustad dərsləri və seminarların keçirilməsi, həmçinin musiqi məktəbləri, uşaq və yeniyetmələr üçün birgə layihələrin icrası, klassik musiqi sahəsində arasında əlaqələrin genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.

Söhbət zamanı dünya musiqi irsinin qorunması və təbliği məsələlərinə xüsusi diqqət yetirilib. Volfqanq Amadeus Motsartın zəngin yaradıcılıq irsinin yaşadılması istiqamətində Motsarteum Fondunun fəaliyyəti yüksək qiymətləndirilib, dünyaşöhrətli bəstəkarın əsərlərinin Azərbaycanda sevildiyini və bu istiqamətdə birgə layihələrin hazırlanmasının mümkünlüyü ifadə edilib. Eyni zamanda, Azərbaycan professional musiqi məktəbinin banisi Üzeyir Hacıbəylinin irsinin beynəlxalq miqyasda təşviqinin əhəmiyyəti vurğulanıb, ötən il Vyanada dahi bəstəkarın “Arşın mal alan“ operettasının almanca müasir quruluşda musiqisevərlər tərəfindən böyük maraqla qarşılandığını nəzərə alaraq, bu qəbildən layihələrin gələcəkdə də davam etdirilməli olduğu qeyd edilib.

Gələcək layihələrin həyata keçirilməsi istiqamətində qarşılıqlı maraq ifadə olunub.

***

Mədəniyyət nazirinin müavini Zalsburq şəhərində dünyanın aparıcı fortepiano istehsalçıları arasında yer alan Avstriyanın Bösendorfer manufakturasının icraçı direktoru Sabine Qrubmüller ilə görüşüb.

Azərbaycan ilə Avstriya arasında musiqi sahəsində əməkdaşlığın genişləndirilməsi, xüsusilə birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib.

Murad Hüseynov Azərbaycanın zəngin musiqi ənənələrindən, klassik ifaçılıq məktəbindən və ölkədə keçirilən beynəlxalq festivallardan bəhs edib, bu kontekstdə Bösendorfer istehsalı olan fortepianoların Azərbaycanda təqdimatı və təşviqinin əhəmiyyətini vurğulayıb. Eyni zamanda, Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımovanın bu əlaqələrin qurulmasında oynadığı mühüm rol və apardığı ardıcıl fəaliyyət təqdir olunub.

Söhbət zamanı “Bösendorfer” şirkəti ilə əməkdaşlıq çərçivəsində birgə konsert proqramları, ustad dərsləri və təqdimat tədbirlərinin təşkili imkanları müzakirə olunub.

***

Görüşdən sonra mədəniyyət nazirinin müavini Murad Hüseynov və Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova fəxri qonaqlar qismində Beynəlxalq Motsart Müsabiqəsinin final konsertində iştirak ediblər. 

Beynəlxalq Motsart Müsabiqəsi 50 ildən bəri Zalsburqda klassik musiqi ənənələrini yaşadan, gənc istedadları beynəlxalq səhnəyə hazırlayan nüfuzlu musiqi tədbirlərindən biridir. Bu müsabiqə hər iki ildən bir Motsarteum Universiteti tərəfindən keçirilir və ənənəvi olaraq Motsartın əsərlərinin ifası üzrə piano, skripka, vokal və ansambllar kimi müxtəlif nominasiyalarda gənc istedadlara qarşılıqlı müsabiqə imkanı yaradır.