Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəni-maarif müəssisələrində 21 fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə silsilə tədbirlər keçirilib.

Bu barədə regional idarədən məlumat verilib.

Tədbirlərin əsas məqsədi ana dilinin milli-mənəvi dəyərlər sistemindəki rolunun təbliği, gənc nəslin dilə sevgi və hörmət ruhunda tərbiyə olunması, eləcə də Azərbaycan dilinin saflığının qorunması və zənginliyinin gələcək nəsillərə ötürülməsidir.

Silsilə tədbirlər çərçivəsində dəyirmi masa və maarifləndirici söhbətlər, şeir və inşa müsabiqələri, kitab sərgiləri, məktəblilərin və gənclərin iştirakı ilə ədəbi-bədii kompozisiyalar və təqdimatlar təşkil edilib.

Tədbirlərdə ana dilinə həsr olunmuş ədəbi nümunələr, klassik və müasir Azərbaycan ədəbiyyatından seçmələr təqdim olunub, iştirakçılar arasında müzakirələr aparılıb.