Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Bakı şəhəri 4 nömrəli Uşaq-gənclər inkişaf mərkəzi ilə birlikdə “Sözün taleyə çevrildiyi ömür – Bəxtiyar Vahabzadə” adlı tədbir keçirilib.
Bu barədə kitabxanadan məlumat verilib.
Tədbir Xalq şairi, dramaturq, ədəbiyyatşünas, Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Vahabzadənin (1925–2009) 100 illiyinə həsr olunub.
Respublika Gənclər Kitabxanasının direktoru Aslan Cəfərov giriş sözündə Bəxtiyar Vahabzadənin Azərbaycan ədəbiyyatında, milli düşüncə tarixində mühüm yeri və rolundan danışıb. Həmçinin Bəxtiyar Vahabzadənin 100 illik yubileyi haqqında Azərbaycan Respublikasının Prezidentinin 21 fevral 2025-ci il tarixıli Sərəncamına müvafiq olaraq Respublika Gənclər Kitabxanasında həyata keçirilən layihələrdən, hazırlanan materiallardan bəhs edilib.
Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova, “Xatirə Kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova, uşaq yazarı Solmaz Amanova Bəxtiyar Vahabzadənin təkcə şair deyil, milli düşüncənin carçısı, ana dilimizin, milli kimliyimizin və azadlıq ideyalarının yorulmaz müdafiəçisi olduğunu, onun poeziyasında Azərbaycan insanının ruhunun, dərdinin, sevincinin, mübarizəsinin və gələcəyə olan inamının əks olunduğunu bildiriblər.
Tədbirdə Respublika Gənclər Kitabxanası əməkdaşlarının hazırladığı “Xalq şairi Bəxtiyar Vahabzadə – 100” adlı elektron bazanın təqdimatı olub.
4 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin dərnək üzvlərinin çəkdikləri rəsmlərə baxış keçirilib.
Uşaq-gənclər inkişaf mərkəzinin “Dan ulduzu” rəqs ansablının ifasında rəqs və şeirlərdən ibarət kompozisiya nümayiş olunub.

























