M.F. Axundzadə adına Azərbaycan Milli Kitabxanası aktiv fəaliyyətinə görə Mədəniyyət Nazirliyi tərəfindən “İlin bilik ünvanı” mükafatına layiq görülüb.
Bu barədə Milli Kitabxanadan məlumat verilib.
Mükafat dekabrın 24-də Mədəniyyət Nazirliyinin 2025-ci ilin yekunlarına həsr olunmuş tədbirində təqdim edilib.
Qeyd edək ki, Milli Kitabxana 1923-ci ildə (o vaxt Azərbaycan Mərkəzi Dövlət Kitabxanası) fəaliyyətə başlayıb. Kitabxana AMEA Rəyasət Heyətinin indiki binasında (İstiqlaliyyət küçəsi) yerləşirdi.
1939-cu ildə kitabxanaya böyük ədib, mütəfəkkir, maarifçi, Azərbaycan milli dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin adı verilib.
1960-cı ildə kitabxana Xaqani küçəsindəki indiki binasına (memar Mikayıl Hüseynov) köçüb.
2004-cü ildə kitabxanaya Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə “Milli Kitabxana” statusu verilib.



















