ABŞ-nin Berri Kollecinin (Corciya ştatı) əməkdaşı tarix üzrə fəlsəfə doktoru, dosent Kelsi Rays AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qonaq olub.
Bu barədə institutdan bildirilib.
Elmi işlər üzrə direktor müavini, Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri dosent Əkrəm Bağırov qonağa institutun əsas fəaliyyət istiqamətləri, burada qorunan əlyazmalar, onların tətbiqinə dair görülən işlər haqqında məlumat verib.
Amerikalı alim XIX əsrin ikinci yarısı - XX əsrin əvvəllərində yaşamış Azərbaycan elm və mədəniyyət xadimlərinin Əlyazmalar İnstitutunda saxlanılan şəxsi arxiv materialları ilə maraqlanıb, ölkəmizə Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyəti haqqında araşdırmalar aparmaq məqsədilə gəldiyini bildirib.
İnstitutun oxu zalında Elmi xidmət şöbəsinin müdiri dosent Nailə Mustafayeva alimə araşdırma aparması üçün şərait yaradıb.
Sonra qonağa institutun ekspozisiya zalında sərgilənən qədim və nadir əlyazma nümunələri, elmi-tədqiqat müəssisəsinin fondunda mühafizə olunan yazılı abidələr, nadir eksponatlar, UNESCO-nun “Dünya yaddaşı” Beynəlxalq Reyestrinə daxil edilən əlyazma nüsxələri, o cümlədən Xurşidbanu Natəvanın “Gül dəftəri” illüstrasiyalı şeirlər albomu barədə ətraflı məlumat verilib.
Ekspozisiya zalındakı Ümummilli lider Heydər Əliyev, Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti və böyük mesenat Hacı Zeynalabdin Tağıyev guşələri ilə də tanış olan Kelsi Rays institutun xatirə kitabına ürək sözlərini yazıb.






















